Sənaye və iqtisadiyyatına tələbat artan Azərbaycan investorların maraq dairəsində
Ötən gün Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək vacib məsələlərə toxunmuşdur.
Cənab Prezident mərasim iştirakçılarını salamlayaraq ölkəmizdə energetika sahəsində çox əlamətdar bir günün olduğunu ,Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulduğunu bildirdi. Bu münasibətlə hər kəsi ürəkdən təbrik etdi. 230 meqavat gücündə olan bu stansiyanın həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcəyini, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcəyini söylədi. İlham Əliyev Azərbaycanda çox gözəl investisiya iqliminin olduğunu, Azərbaycanın xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirdiyini dedi. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulmasının ölkəmizin əsas prioritetlərimizdən biri olduğunu xatırlatdı. Həmçinin bildirdi ki, uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var.
Ölkə başçısı “Masdar” şirkətinin dost ölkəni – Birləşmiş Ərəb Əmirliklərini təmsil etdiyini və ikitərəfli münasibətlərimizin çox yüksək səviyyədə olduğunu xatırlatdı . Bildirdi ki, həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Azərbaycanın Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında icra müqaviləsinin bir il bundan əvvəl imzalandığını nəzərə çatdıran ölkə başçısı bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atıldığını, yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməlinin qoyulduğunu dedi. Həmçinin vurğuladı ki, fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulub. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır.
O, nitqinə davam edərək, bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmasların unikal bir vəziyyət yaratdığını və Azərbaycanın yaxın zaman ərzində xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacağını söylədi. Elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən – təbii qaz, su, günəş və küləkdən istehsal etdiyimizi və Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyük olduğunu da vurğuladı.
İşğaldan azad edilmiş ərazilərdə də böyük potensial olduğunu söyləyərək, günəş, külək enerji növlərinin istehsalının təxminən 9-10 min meqavata çata biləcəyini nəzərə çatdırdı. Bildirdi ki, işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərilib.
Sənaye və iqtisadiyyatımıza tələbatın artığını söyləyərək qeyd etdi ki, bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Azərbaycanın dünya miqyasında xarici dövlətlərə borcunun çox aşağı səviyyədə olduğunu bildirərək ,beynəlxalq maliyyə qurumları, böyük şirkətlərin, investorların Azərbaycana çox böyük maraqla yanaşdığını bildirərək, siyasətimizin, ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etməyə, ilk növbədə, azad edilmiş torpaqları bərpa etməkdən başlandığını bildirdi və Azərbaycanda zəngin neft və qaz yataqlarının istismarı və işlənilməsinin uğurla getdiyini, müasir infrastruktur, nəqliyyat, kommunikasiyanın elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirdiyini də söylədi. Sonda stansiyanın inşasına uğurlar arzulayan cənab Prezident, “Masdar” şirkətinə bizə etibar etdiyi və böyük sərmayəni qoymağa planlaşdırdığı üçün və yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını yenə birlikdə qeyd edəcəyimizi ümid edib təşəkkürünü bildirərək nitqini yekunlaşdırdı.
Muradova Nərgiz,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi



