
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Ötən dövr ərzində ölkəmiz bütün sahələrdə gücləndi, Ordumuz Qələbəyə hazırlandı və artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Bütün bu amillərin vəhdəti sayəsində tarixi Zəfərə imza atdıq.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının boşaldılması ilə bağlı konkret vaxt qrafiki əksini tapmışdı. Sənəddə ermənilərin Kəlbəcəri 15 noyabr 2020-ci ildə tərk etməsi göstərilsə də, qarşı tərəfin əlavə vaxt istəməsi nəzərə alınaraq, dövlətimiz humanistlik göstərdi və bu müddəti 10 gün uzatdı.
Torpaqlarımızın azad olunma tarixlərini qeyd edərkən işğal günlərini və erməni vandalizmini unuda bilmərik. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ən uca zirvələri Camışdağ (3724 m) və Dəlidağdır (3616 m). Ərazisinin böyük hissəsi meşəliklərdən ibarət olan rayon qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda isə Laçın rayonları ilə həmsərhəddir. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin ərazisi 3054 kv. km, işğala qədərki əhalisi isə 53 478 nəfər idi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olub.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı 511 dinc sakin qətlə yetirilib, 321 nəfər əsir götürülüb və itkin düşüb. Nəticədə Kəlbəcər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal dövründə onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə avtomobil və texnika talan edilərək dağıdılıb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra Kəlbəcərə ilk səfəri zamanı şəhərin ermənilər tərəfindən tamamilə dağıdıldığını xüsusi vurğulayıb: “Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərə səfərləri zamanı bəyan etmişdir ki, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyənləşdirərək onlara mütləq nail olacağıq: “Biz bu gün buradayıq, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və bundan sonra burada əbədi yaşayacağıq”.
Bu gün Kəlbəcər sürətlə dirçəlir və mərhələli şəkildə öz doğma sakinlərinə qovuşur. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçən 20 ailəyə mənzillərin açarlarını təqdim edib. 2026-cı il noyabrın 6-na olan məlumata görə, Kəlbəcərdə artıq 162 ailə (681 nəfər) məskunlaşıb.
Rayonun kəndlərinin yenidən qurulması istiqamətində də genişmiqyaslı layihələr həyata keçirilir. Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşdırılması üçün 20 illik inkişaf perspektivi nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 218 ailə üçün birmərtəbəli fərdi evlərin (50 ikiotaqlı, 112 üçotaqlı, 41 dördotaqlı və 15 beşotaqlı) inşası nəzərdə tutulub. Burada həmçinin 264 şagird yerlik məktəb və 80 yerlik uşaq bağçası tikiləcək.
Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması planlaşdırılır və bunun üçün 137 hektar torpaq sahəsi ayrılıb. İlk mərhələdə 350 ailəlik birmərtəbəli fərdi evlər (100 ikiotaqlı, 167 üçotaqlı, 57 dördotaqlı və 26 beşotaqlı) inşa ediləcək. Kənddə 360 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası da fəaliyyət göstərəcək.
Zar kəndində ümumilikdə 855 ailənin köçürülməsi məqsədilə 243 hektardan artıq ərazi ayrılıb. Birinci mərhələdə 547 ailə üçün fərdi evlərin (131 ikiotaqlı, 289 üçotaqlı, 92 dördotaqlı və 35 beşotaqlı), eləcə də 528 şagird yerlik məktəb və 100 yerlik uşaq bağçasının inşası planlaşdırılır.
Göründüyü kimi, Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ardıcıllığı və miqyası ilə seçilir. Bu ilin sonunda Proqramın birinci mərhələsi yekunlaşır. Son altı ilin əsas hədəfi azad edilmiş ərazilərimizi müasir standartlara uyğun bərpa etmək və soydaşlarımızın doğma yurd-yuvalarına təhlükəsiz qayıdışını təmin etməkdir. Artıq 48 şəhər, kənd və qəsəbə öz sakinlərini qəbul edib və Kəlbəcər şəhəri də bu qayıdış ünvanları sırasında xüsusi yer tutur.
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri


