
25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, milli birliyinin, dövlətimizin qüdrətinin və torpaqlarımızın ərazi bütövlüyünün bərpasının təcəssümüdür. Bu əlamətdar gün Kəlbəcərin işğaldan azad edilməsinin tarixi əhəmiyyətini bir daha xatırlatmaqla yanaşı, doğma yurda qayıdışın sevincini yaşayan sakinlərimizin həyatında yeni mərhələnin başlanğıcını ifadə edir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu uzun illər ərzində ağır dağıntılara, talanlara və ekoloji terrora məruz qalmışdır. Minlərlə sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən sonra, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu üçtərəfli Bəyanata uyğun olaraq bir güllə atılmadan işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edilmişdir.
Bu gün Kəlbəcər işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin mühüm ünvanlarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində rayonda müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yaşayış məhəllələri, avtomobil yolları, elektrik enerjisi, su və digər kommunikasiya xətləri, sosial və xidmət infrastrukturu yenidən qurulur. Əsas məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, insanların doğma torpaqlarında təhlükəsiz, rahat və dayanıqlı yaşayışını təmin etməkdir.
Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına 2025-ci il avqustun 20-də başlanılmışdır. Avqustun 21-də Prezident İlham Əliyevin şəhərə səfəri zamanı doğma yurdlarına qayıdan ailələrə yeni mənzillərin açarlarının təqdim edilməsi bu tarixi prosesin mühüm hadisələrindən biri olmuşdur. Uzun illər yurd həsrəti ilə yaşayan kəlbəcərlilərin öz doğma evlərinə qayıtması dövlətimizin həyata keçirdiyi ardıcıl siyasətin və Böyük Qayıdış strategiyasının real nəticəsidir.
2026-cı il noyabrın 6-na olan məlumata əsasən, Kəlbəcər şəhərində 162 ailə olmaqla 681 nəfərin məskunlaşması təmin edilmişdir. Bu göstərici doğma yurda qayıdış prosesinin mərhələli və ardıcıl şəkildə davam etdiyini nümayiş etdirir. Sakinlərin müasir yaşayış şəraiti ilə təmin olunması üçün inşa edilən mənzillərlə yanaşı, onların gündəlik tələbatlarının ödənilməsi, sosial xidmətlərə çıxışının təmin edilməsi və məşğulluq imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır.
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında şəhərin ərazisinin genişləndirilməsi, əhalisinin 17 min nəfərədək çatdırılması, yeni yaşayış və ictimai məkanların yaradılması planlaşdırılır. Şəhərdə təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin, parkların, istirahət guşələrinin və müasir nəqliyyat infrastrukturunun yaradılması nəzərdə tutulur. Bu yanaşma Kəlbəcərin yalnız yenidən qurulmasını deyil, həm də gələcək nəsillər üçün müasir, ekoloji cəhətdən əlverişli və yaşamaq üçün rahat şəhərə çevrilməsini hədəfləyir.
Məskunlaşma prosesi yalnız Kəlbəcər şəhəri ilə məhdudlaşmır. Rayonun kənd və qəsəbələrinin də mərhələli şəkildə bərpası Böyük Qayıdış Proqramının prioritet istiqamətlərindəndir. Yanşaq, Zallar və Zar kəndlərində yaşayış evlərinin, sosial obyektlərin və zəruri infrastrukturun yaradılması istiqamətində işlər aparılır. Bu yaşayış məntəqələrinin yenidən qurulması keçmiş sakinlərin kənd həyatına qayıtmasına, ənənəvi təsərrüfat fəaliyyətinin bərpasına və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.
Kəlbəcərin iqtisadi potensialının dirçəldilməsi də xüsusi əhəmiyyət daşıyır. Rayonun zəngin təbii sərvətləri, mineral su ehtiyatları, əlverişli turizm imkanları və hidroenerji potensialı gələcək inkişaf üçün geniş perspektivlər açır. Xüsusilə, İstisu mineral sularının istehsal və müalicə-sağlamlıq turizmi sahəsindəki imkanlarının yenidən reallaşdırılması, “İstisu” Müalicə-İstirahət Kompleksinin və mineral su zavodunun fəaliyyəti bölgənin iqtisadi həyatının canlanmasına, yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi və Murovdağ tuneli kimi mühüm infrastruktur layihələri isə rayonun ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasında, iqtisadi və turizm potensialının genişləndirilməsində mühüm rol oynayır. Bu layihələr Kəlbəcərin ölkənin vahid iqtisadi məkanına daha sıx inteqrasiyasına şərait yaradır.
Bütün bu reallıqlar göstərir ki, Kəlbəcərdə həyata keçirilən quruculuq işləri kompleks və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Dövlətimizin əsas prioritetlərindən biri doğma torpaqlarına qayıdan vətəndaşların sosial rifahının yüksəldilməsi, onların işlə təmin olunması, uşaqların təhsil alması, ailələrin sağlamlıq və digər sosial xidmətlərdən yararlanması üçün zəruri şəraitin yaradılmasıdır.
25 noyabr – Kəlbəcər Şəhəri Günü yalnız tarixi qələbənin qeyd edilməsi deyil, həm də milli yaddaşımızın, yurd sevgimizin və gələcəyə olan inamımızın ifadəsidir. Bu gün Kəlbəcər yenidən qurulur, doğma sakinlərinə qovuşur, onun küçələrində həyat canlanır. Vaxtilə məcburi köçkünlük həyatı yaşamış ailələrin öz ata-baba yurdlarında məskunlaşması tarixi ədalətin bərpasının ən mühüm göstəricilərindəndir.
Əminliklə demək olar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən müasir, abad və inkişaf etmiş yaşayış məkanlarından birinə çevriləcəkdir. Böyük Qayıdışın davam etməsi, yeni yaşayış məntəqələrinin salınması və sosial-iqtisadi həyatın bərpası Kəlbəcərin gələcəyinə, onun əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi inkişafına xidmət edir.
Kəlbəcər azaddır, Kəlbəcər yenidən qurulur və Kəlbəcər öz sakinlərinə qovuşur.
Ziya Vəliyeva,
YAP Şəki rayon təşkilatının sədr müavini,
Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəsi


