
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq fəlsəfəsinin və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərinin aydın mənzərəsini ortaya qoyur. Müsahibədə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, iki dövlət arasında münasibətlər yalnız diplomatik təmaslar və siyasi bəyanatlarla məhdudlaşmır. Bu əlaqələr tarixi yaddaşa, qarşılıqlı etimada, ortaq maraqlara və xalqlar arasında formalaşmış səmimi dostluq ənənələrinə söykənir.
Azərbaycan–Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixini səciyyələndirən Prezident İlham Əliyev bu dostluğun başlanğıcını 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə əlaqələndirir. Həmin səfər iki xalq arasında qarşılıqlı rəğbətin və əməkdaşlığın əsasını qoyan mühüm tarixi hadisə kimi yadda qalıb. Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin də müstəsna xidmətləri olub. 1983-cü ildə onun rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri və səfərin müddətinin səkkiz günə qədər uzadılaraq ölkənin müxtəlif regionlarını əhatə etməsi əməkdaşlığın genişlənməsinə ciddi təkan verib. Səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına töhfə verməklə yanaşı, gələcək tərəfdaşlığın istiqamətlərini də müəyyənləşdirib.
Məhz bu tarixi təməl üzərində qurulan münasibətlər sonrakı dövrlərdə yeni məzmun qazanaraq müasir dövlətlərarası əməkdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi dialoqun davamlılığını təmin edən mühüm hadisələr olub. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını formalaşdırıb. Səfər çərçivəsində energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik kimi strateji əhəmiyyətli sahələrdə aparılan müzakirələr və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyib.
Siyasi münasibətlərin dayanıqlılığı yalnız yüksək səviyyəli qarşılıqlı səfərlərlə deyil, həm də institusional əməkdaşlığın genişliyi ilə ölçülür. Bu baxımdan Azərbaycan və Vyetnam arasında hökumətlərarası komissiyaların, parlamentlərarası dostluq qruplarının, müvafiq dövlət qurumlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında inkişaf edən əməkdaşlıq siyasi dialoqun partiyalararası müstəvidə də davam etdirildiyini göstərir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda qarşılıqlı əlaqələr isə iki ölkənin beynəlxalq münasibətlər sistemində ortaq maraqlara əsaslanan mövqelərinin formalaşmasına xidmət edir.
Müsahibənin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlığın mövcud vəziyyəti və geniş perspektivləri ilə bağlıdır. Prezident İlham Əliyevin açıqladığı məlumata əsasən, 2025-ci ilin yekunlarına görə, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, dövlət başçısı bu göstəricinin iki ölkənin real iqtisadi imkanlarını tam əks etdirmədiyini vurğulayaraq qarşılıqlı ticarətin artırılması üçün geniş potensialın mövcudluğuna diqqət çəkib. Bu yanaşma iqtisadi münasibətlərə yalnız əldə olunmuş nəticələr prizmasından deyil, həm də gələcək imkanların reallaşdırılması baxımından yanaşıldığını nümayiş etdirir.
Energetika sahəsi Azərbaycan–Vyetnam əməkdaşlığının tarixi və strateji baxımdan mühüm istiqamətlərindən biridir. Azərbaycan neft sənayesinin zəngin təcrübəsi ilə Vyetnamın enerji sektorundakı imkanlarının uzlaşdırılması qarşılıqlı faydalı nəticələr vəd edir. Xüsusilə SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya marağı da diqqətəlayiqdir. “ROX Group”un tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərin imzalanması iqtisadi tərəfdaşlığın şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
İki ölkə arasında əməkdaşlığın perspektivlərini müəyyən edən digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit imkanları Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezidentin diqqətə çatdırdığı kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Orta Dəhliz və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Bu, Azərbaycanın yalnız regional deyil, həm də qitələrarası iqtisadi əlaqələr sistemində tranzit və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin müsahibəsində humanitar əməkdaşlığa xüsusi yer ayrılması da təsadüfi deyil. Çünki dövlətlərarası münasibətlərin davamlılığı yalnız iqtisadi maraqlarla deyil, xalqların bir-birini tanıması, mədəni dəyərlərinə hörmət etməsi və humanitar sahədə qarşılıqlı dəstəyi ilə də müəyyən olunur. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi, təhsil təşəbbüslərində iştirakı və müxtəlif humanitar layihələri iki ölkə arasında dostluq münasibətlərinin real məzmununu nümayiş etdirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, ölkə rəhbərləri, yaradıcı ziyalılar və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşləri, eləcə də Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi bu əlaqələrin inkişafına verilən töhfələrdəndir.
Elm və təhsil sahəsində əməkdaşlıq isə Azərbaycan–Vyetnam münasibətlərinin tarixi davamlılığını və gələcəyə hesablanmış mahiyyətini özündə birləşdirir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış elmi və intellektual əlaqələrin miqyasını göstərən mühüm faktdır. Həmin şəxslərin sonradan qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltməsi Azərbaycanın beynəlxalq təhsil məkanındakı rolunu da səciyyələndirir. Bu ənənənin davamı olaraq, hər iki ölkənin aparıcı universitetləri arasında əməkdaşlıq müqavilələri və memorandumlar imzalanıb, Vyetnam nümayəndələrinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrantı proqramlarında iştirak imkanları genişlənib.
2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da bu tarixi əlaqələrin rəmzi ifadəsidir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə keçirilən açılış mərasiminin Ho Şi Minin anadan olmasının 135-ci ildönümünə təsadüf etməsi tədbirin tarixi və mənəvi əhəmiyyətini daha da artırıb.
Mədəniyyət sahəsindəki əlaqələr də iki xalqın qarşılıqlı tanınmasına və mənəvi yaxınlaşmasına xidmət edir. 2026-cı ildə Azərbaycanda keçirilən dördüncü Vyetnam Günləri festivalının ilk dəfə Bakı ilə yanaşı, Qəbələni də əhatə etməsi mədəni mübadilənin coğrafiyasının genişləndiyini göstərir. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi isə ədəbi əlaqələrin inkişafına verilən töhfədir. Bu münasibətlərin mədəni kökləri daha qədim tarixə gedib çıxır. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini yaradıb. Rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti, milli kino məktəbinin inkişafına və yerli kadrların yetişdirilməsinə verdiyi töhfələr isə Azərbaycan mədəniyyətinin Vyetnamda tanıdılmasının parlaq nümunələrindəndir. Onun “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi bu yaradıcı irsin bu gün də yaşadığını göstərir.
Dostluğun həqiqi mahiyyəti yalnız xoş günlərdə qurulan münasibətlərlə deyil, çətin anlarda göstərilən həmrəylik və qarşılıqlı dəstəklə də ölçülür. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə maliyyə yardımı göstərməsi humanitar həmrəyliyin konkret təzahürüdür. Bu cür addımlar dövlətlər arasında münasibətlərin siyasi və iqtisadi çərçivəni aşaraq insani dəyərlər üzərində də möhkəmləndiyini təsdiqləyir.
Prezident İlham Əliyevin müsahibəsinin ümumi məzmununda diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın xarici siyasətində tarixi dostluq əlaqələrinin müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə inkişaf etdirilməsi prinsipidir. Cənub-Şərqi Asiyada dinamik inkişaf edən Vyetnam ilə Cənubi Qafqazın mühüm logistika və energetika mərkəzi olan Azərbaycanın əməkdaşlığı hər iki dövlət üçün yeni bazarlara çıxış, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm perspektivlər açır.
Beləliklə, 19 noyabr müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin keçmişinə nəzər salmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini də müəyyənləşdirən mühüm siyasi mənbə kimi dəyərləndirilə bilər. Ho Şi Minin 1959-cu ildə Bakı səfəri ilə başlanan, Heydər Əliyevin tarixi təşəbbüsləri ilə möhkəmlənən dostluq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və keyfiyyət qazanır. Tarixi yaddaş, siyasi etimad, iqtisadi maraqlar və humanitar həmrəylik üzərində qurulan bu tərəfdaşlıq Azərbaycan ilə Vyetnam arasında münasibətlərin gələcəkdə daha geniş miqyas alacağına əsaslı zəmin yaradır.
Nəhmədova Sevinc,
YAP fəalı, Uşaq Musiqi Məktəbinin müəllim



