AnalitikaGündəmSiyasət

21 Noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi gün

Yeni Azərbaycan Partiyası – dünənin siyasi irsi, bu günün məsuliyyəti və gələcəyin strateji hədəfləri “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Ulu Öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-i Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan, ölkənin gələcək inkişaf istiqamətlərinə təsir göstərən əlamətdar hadisə ilə yadda qaldı. Həmin gün Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu hadisə yalnız yeni bir siyasi təşkilatın yaradılması deyil, həm də ölkənin mürəkkəb ictimai-siyasi şəraitində milli maraqları, dövlətçilik ideyalarını və siyasi sabitliyi müdafiə edən yeni siyasi qüvvənin meydana çıxması idi.

1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və sosial böhranla üz-üzə qalmışdı. Dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, hakimiyyət böhranının aradan qaldırılması və cəmiyyətdə sabitliyin bərqərar olunması ölkənin qarşısında duran ən mühüm vəzifələr idi. Belə bir şəraitdə xalqın siyasi iradəsini ifadə edə biləcək, milli mənafeləri şəxsi və qrup maraqlarından üstün tutan, aydın inkişaf strategiyasına malik siyasi təşkilata ehtiyac yaranmışdı.

Yeni Azərbaycan Partiyasının yaradılması məhz bu tarixi zərurətdən irəli gəlirdi. 1992-ci ilin oktyabrında ziyalıların Ulu Öndər Heydər Əliyevə müraciəti və onun cavabında yeni siyasi partiyanın yaradılmasına razılıq verməsi bu prosesin başlanğıcını təşkil etdi. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Heydər Əliyev partiyanın Sədri seçildi. Beləliklə, Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu.

YAP-ın yaranmasını şərtləndirən əsas amillərdən biri onun cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən ümummilli siyasi platforma kimi formalaşması idi. Partiyanın ideya əsasını müstəqil dövlətçilik, milli birlik, azərbaycançılıq məfkurəsi, demokratik inkişaf və sosial ədalət prinsipləri təşkil edirdi. Bu baxımdan Yeni Azərbaycan Partiyası müəyyən siyasi maraqlar ətrafında birləşən təşkilatdan daha geniş məna daşıyır, dövlətin və xalqın gələcəyinə dair ortaq məsuliyyətin ifadəsinə çevrilirdi.

Partiyanın ictimai dayaqlarının genişlənməsi də onun siyasi nüfuzunun mühüm göstəricilərindən biri oldu. Müxtəlif peşə və yaş qruplarını, ziyalıları, gəncləri və əmək adamlarını birləşdirən YAP zaman keçdikcə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun fəaliyyətində əsas meyar yalnız üzvlərinin sayının artması deyil, dövlətçilik ənənələrinin qorunması, ictimai-siyasi proseslərdə fəal iştirak və milli maraqlara xidmət prinsipləri oldu. Məhz buna görə YAP-ın siyasi mövqeyi xalqın etimadı və ölkənin inkişaf proseslərində oynadığı rol kontekstində dəyərləndirilməlidir.

Yeni Azərbaycan Partiyasının tarixi Ulu Öndər Heydər Əliyevin siyasi irsi ilə sıx bağlıdır. Onun dövlətçilik fəlsəfəsi, siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan idarəçilik təcrübəsi partiyanın ideoloji istiqamətinin formalaşmasında həlledici rol oynayıb. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi isə müasir Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, genişmiqyaslı quruculuq və inkişaf layihələrinin həyata keçirilməsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətçilik tariximizin mühüm nailiyyətləridir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında vurğuladığı kimi, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Bu fikir siyasi varisliyin sadəcə keçmişə bağlılıq deyil, zamanın tələblərinə uyğun olaraq dövlətçilik strategiyasının davamlı inkişafı olduğunu ifadə edir.

Partiyanın siyasi həyatında mühüm yer tutan üzvlük amili də xüsusi məsuliyyət tələb edir. YAP üzvünü səciyyələndirən başlıca keyfiyyət vətənə sədaqət, dövlətçilik prinsiplərinə bağlılıq, ümummilli maraqları şəxsi mənafelərdən üstün tutmaq və ictimai məsuliyyət hissidir. Siyasi mənsubiyyət yalnız müəyyən təşkilatın üzvü olmaqla məhdudlaşmamalı, əməli fəaliyyət, dürüstlük, təşəbbüskarlıq və cəmiyyətə fayda vermək istəyi ilə təsdiqlənməlidir.

Müasir siyasi təşkilatın gücü, eyni zamanda, onun daxili münasibətlərinin keyfiyyəti ilə ölçülür. Peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlərə hörmət, elmlilik, müasir düşüncə, innovativ yanaşma və kreativlik bu münasibətlərin əsas meyarlarıdır. Bu prinsiplərin qorunması partiyanın intellektual və təşkilati potensialını artırmaqla yanaşı, cəmiyyətlə əlaqələrinin daha səmərəli qurulmasına da xidmət edir. Xüsusilə gənc nəslin siyasi və ictimai proseslərdə fəallığının artırılması, onların bilik və bacarıqlarının dövlətin inkişafına yönəldilməsi gələcək üçün mühüm əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının siyasi tarixində qazanılan nailiyyətlərə nəzər saldıqda, onun təsis konfransının ölkənin sonrakı inkişaf mərhələləri ilə üzvi şəkildə bağlı olduğu aydın görünür. Prezident İlham Əliyev VIII qurultaydakı çıxışında qeyd etmişdir: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” Bu fikirdə partiyanın yaranma tarixinin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesindəki siyasi əhəmiyyəti ifadə olunur.

2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı isə ölkənin siyasi və geosiyasi reallıqlarının dəyişdiyi yeni mərhələnin başlanğıcında baş tutdu. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfərlə ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etmiş, sonrakı dövrdə isə dövlət suverenliyinin tam təmin olunması yolunda mühüm addımlar atmışdı. Prezident İlham Əliyev qurultaydakı çıxışında bu tarixi şəraiti xüsusi vurğulayaraq bildirmişdi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Bu yanaşma partiyanın fəaliyyətinin ölkənin dəyişən reallıqları və yeni strateji hədəfləri ilə əlaqəli şəkildə qurulduğunu göstərirdi.

Bu gün Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranma zərurəti ilə müasir dövrün siyasi və ictimai çağırışları arasında tarixi bağlılıq mövcuddur. Həmin vaxt əsas məqsəd dövlət müstəqilliyini qorumaq, siyasi sabitliyi təmin etmək və milli birliyi möhkəmləndirmək idisə, müasir mərhələdə bu missiya güclü dövlət quruculuğu, azad edilmiş ərazilərin dirçəldilməsi, milli inkişafın davamlılığı və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi kimi hədəflərlə zənginləşir.

21 noyabr tarixi bu baxımdan yalnız partiyanın təsis olunduğu gün deyil. Bu tarix siyasi iradənin, milli həmrəyliyin və dövlətçilik məsuliyyətinin bir ideya ətrafında birləşməsinin rəmzidir. Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol isə bir daha göstərir ki, siyasi təşkilatın əsl gücü onun tarixi təcrübəsi ilə yanaşı, qarşıya qoyduğu məqsədlərin ölkənin və xalqın gələcəyi ilə nə dərəcədə uzlaşmasında ifadə olunur.

Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button