AnalitikaGündəmSiyasət

Ağdamın dirçəlişi Azərbaycanın gücünün və qətiyyətinin təcəssümüdür 20 Noyabr – Ağdam Şəhəri Günü

20 Noyabr – Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Ağdam şəhərinin işğaldan azad edilməsi və doğma torpaqlarımıza qayıdışın başlanğıcı kimi böyük tarixi əhəmiyyət daşıyır.
Ağdam Azərbaycanın qədim yaşayış məskənlərindən biri, Qarabağın mühüm mədəniyyət, iqtisadiyyat və tarixi mərkəzlərindən olmuşdur. “Ağdam” sözünün qədim türk dilində “kiçik qala” mənasını verdiyi bildirilir. Digər izaha görə isə bu ad günəş şüaları ilə nurlanmış ağ ev mənasını ifadə edir. Ağdam rayonu 1930-cu ildə yaradılmışdır.

Aparılan arxeoloji tədqiqatlar sübut edir ki, Ağdam ərazisində insanlar 6-8 min il əvvəl məskunlaşmış, burada qədim əkinçilik və maldarlıq mədəniyyəti formalaşmışdır. Xüsusilə Üzərriktəpədə aşkar edilmiş maddi-mədəniyyət nümunələri bu ərazinin qədim tarixə malik olduğunu təsdiqləyir.
1993-cü il iyulun 23-də 42 gün davam edən döyüşlərdən sonra Ağdam rayonunun ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni abidələrimiz, məktəblər, mədəniyyət müəssisələri və digər obyektlər talan edildi. Minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Ağdam uzun illər erməni vandalizminin və dağıntıların simvoluna çevrildi.
BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamə ilə işğalçı qüvvələrin Ağdam rayonundan və digər işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bununla da Ağdamın işğalına son qoyuldu və şəhərin yenidən qurulması üçün yeni mərhələnin əsası qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi təsis edilmişdir.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq olunmuş, müasir yaşayış məhəlləri, yollar, sosial obyektlər və istehsal müəssisələri inşa edilməyə başlanmışdır. Ağdam Sənaye Parkı regionun iqtisadi inkişafında mühüm rol oynayır. Eyni zamanda, Ağdam Muğam Mərkəzinin, Dəmir Yolu və Avtovağzal Kompleksinin açılması şəhərin mədəni və nəqliyyat infrastrukturunun inkişafına böyük töhfə verir.
Tarixi İmarət Kompleksinin bərpası, Ağdam Cümə məscidinin yenidən qurulması və digər tarixi abidələrin dirçəldilməsi xalqımızın milli-mədəni irsinə göstərilən diqqətin bariz nümunəsidir.
Bu gün Ağdamda Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Artıq şəhərdə və bir sıra kəndlərdə ailələr məskunlaşıb, yeni həyat başlayıb.
Ağdamın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi hadisə, xalqımızın birliyinin, dövlətimizin gücünün və Müzəffər Ordumuzun qəhrəmanlığının təntənəsidir.

Ləman Cəlilova,  
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button