AnalitikaGündəmSiyasət

Ağdamın azadlığı milli iradəmizin təntənəsidir

Azərbaycan tarixinin elə şəhərləri var ki, onların adı çəkiləndə bir xalqın yaddaşı, mübarizəsi, ağrısı və qüruru göz önündə canlanır. Ağdam da belə şəhərlərimizdəndir. Qarabağın qədim və zəngin tarixə malik yaşayış məskənlərindən biri olan Ağdam özünün mədəniyyəti, tarixi abidələri, iqtisadi potensialı, adət-ənənələri və zəhmətkeş insanları ilə Azərbaycanın ictimai həyatında mühüm yer tutmuşdur. Bu gün Ağdamın adı yalnız keçmişin xatirələri ilə deyil, həm də Zəfər, azadlıq, dirçəliş və Böyük Qayıdış anlayışları ilə assosiasiya olunur.

Hər il noyabrın 20-də qeyd edilən Ağdam Şəhəri Günü xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixi hadisənin təcəssümüdür. 2020-ci il noyabrın 20-də Ağdam rayonu 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycana qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-si rəsmi olaraq Ağdam Şəhəri Günü təsis edildi. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhərlərin tarixi günlərinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində taleyüklü mərhələ oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu böyük hərbi uğurlar əldə etdi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələrə nail oldu.

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlıların qayıdış arzusu reallığa çevrilmək üçün yeni mərhələyə qədəm qoydu.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək Ağdamın azad olunması münasibətilə ölkə vətəndaşlarını, xüsusilə ağdamlıları təbrik etdi. Bu hadisə Ağdamın tarixində yeni səhifə açdı. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı.

20 Noyabr tarixi bu gün yalnız bir şəhərin azad olunması günü kimi deyil, həm də milli iradənin, doğma yurda bağlılığın və tarixi yaddaşın təntənəsi kimi qeyd olunur.

Səbinə İsgəndərli,    
YAP Ağstafa rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button