
18 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Kolxəlfəli kənd” və “Pirili kənd” Ərazi Partiya Təşkilatlarından olan fəalların iştirakı ilə partiyanın təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. Bu əlamətdar yubiley partiyanın keçdiyi tarixi yolu, formalaşma mərhələlərini, fəaliyyət istiqamətlərini və ölkənin ictimai-siyasi həyatındakı rolunu bir daha nəzərdən keçirmək baxımından əhəmiyyətlidir.
Tədbirdə çıxış edən digər natiqlər – “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Elxan Həsənov, Kolxəlfəli kənd tam orta ümumtəhsil məktəbin müəllimləri Vasif Kərimov, Elnarə Məmmədova və Elçin Məmmədov bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Partiya öz fəaliyyətində müstəqil dövlətçiliyin qorunması, milli maraqların müdafiəsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın inkişafı kimi istiqamətləri əsas götürdü. 34 illik fəaliyyət dövrü ərzində Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında özünəməxsus yer tutub. Qarşıdakı dövrdə də müasir çağırışlara uyğun fəaliyyət, milli maraqlara əsaslanan yanaşma və ölkənin davamlı inkişafına töhfə vermək partiyanın gündəliyində mühüm yer tutacaq.




