AnalitikaGündəmSiyasət

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: iqtisadi inkişaf və enerji əməkdaşlığında yeni üfüqlər

Azərbaycan Respublikasının xarici siyasətində iqtisadi diplomatiyanın inkişafı, xarici investisiyaların cəlb edilməsi, beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi və ölkənin tranzit potensialından səmərəli istifadə mühüm yer tutur. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli perspektivlər yaradır.

2026-cı il noyabrın 12-də Dublin şəhərində imzalanmış sənəddə ticarət, investisiya və iqtisadi artım ayrıca strateji istiqamət kimi müəyyənləşdirilib. Bəyannamədə hər iki ölkənin dayanıqlı, inklüziv və şaxələndirilmiş iqtisadi inkişafı təşviq etmək, biznes əlaqələrini genişləndirmək və uzunmüddətli kommersiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyəti ifadə olunur.

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri enerji sektorudur. Uzun illər ərzində formalaşmış enerji əməkdaşlığı iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayıb. Yeni sənəd bu əməkdaşlığın bərpaolunan enerji mənbələri, yaşıl maliyyə və aşağı karbonlu texnologiyalar istiqamətində genişləndirilməsi üçün imkanlar nəzərdə tutur.

Müasir dövrdə enerji təhlükəsizliyi ilə yanaşı, ekoloji dayanıqlılıq və alternativ enerji mənbələrinin inkişafı da qlobal əhəmiyyət daşıyır. Azərbaycan zəngin enerji resursları, əlverişli coğrafi mövqeyi və bərpaolunan enerji potensialı ilə bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlara malikdir. Böyük Britaniya ilə təcrübə mübadiləsi və texnoloji tərəfdaşlıq bu potensialın reallaşdırılmasına töhfə verə bilər.

Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri də Orta Dəhlizin inkişafına verilən əhəmiyyətdir. Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Orta Dəhlizin inkişafı beynəlxalq ticarətin genişlənməsi, yükdaşımaların səmərəliliyinin artırılması və regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sənəddə nəqliyyat, logistika və infrastruktur layihələrinin dəstəklənməsi, sərhədlərarası ticarət və investisiyaların asanlaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın tranzit imkanlarının daha da genişlənməsinə və beynəlxalq iqtisadi əlaqələrdə rolunun artmasına şərait yarada bilər.

Maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi də sənədin mühüm müddəalarındandır. Kiçik və orta sahibkarlığın inkişafı, ticarətin maliyyələşdirilməsi, yaşıl maliyyə və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi qarşılıqlı iqtisadi fayda baxımından əhəmiyyətlidir.

Birgə Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının bu prosesdə əsas platforma kimi müəyyənləşdirilməsi razılaşmaların praktiki nəticələrə çevrilməsinə xidmət edəcək.

Nəticə etibarilə, Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi iqtisadi münasibətlərin yeni istiqamətlər üzrə inkişafına, investisiya mühitinin genişlənməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və ölkəmizin beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin güclənməsinə xidmət edən mühüm sənəddir.

Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button