AnalitikaGündəmSiyasət

12 Noyabr – Konstitusiya Günü: Müstəqil Azərbaycanın dövlətçilik tarixinin möhkəm hüquqi təməli

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü xalqımızın müstəqil dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun inkişafı və demokratik cəmiyyətin formalaşdırılması istiqamətində atılmış tarixi addımı təcəssüm etdirir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu mühüm hadisə ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmiş, dövlət hakimiyyətinin hüquqi əsaslarını formalaşdırmış və müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaratmışdır.

Konstitusiyanın qəbul edilməsi müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi çətinliklər, Ermənistanın hərbi təcavüzü və dövlət idarəçiliyində yaranmış ciddi problemlər ölkənin gələcək taleyini təhlükə altına almışdı. Belə mürəkkəb şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, ictimai-siyasi sabitliyi təmin etmək və hüquqi dövlət quruculuğunun əsaslarını yaratmaq böyük siyasi iradə və uzaqgörənlik tələb edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqil dövlət quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsinə çıxarılmış Konstitusiya Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu sənəd müstəqil dövlətin siyasi və hüquqi əsaslarını müəyyən etməklə yanaşı, xalqın suveren iradəsini və gələcəyə dair strateji hədəflərini özündə əks etdirdi.
1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın ilk Əsas Qanunu kimi dövlət quruculuğunun bütün istiqamətlərini əhatə etdi. Konstitusiyada Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar respublika olması təsbit edildi. Dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi prinsipi müəyyənləşdirildi. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması, mülkiyyət hüququ, söz və fikir azadlığı, siyasi plüralizm, sosial ədalət və qanunun aliliyi hüquqi dövlətin əsas prinsipləri kimi təsbit olundu. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına geniş yer ayrılmasıdır. Əsas Qanuna əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyət sahibi olmaq, sərbəst fikir bildirmək və qanunla müəyyən edilmiş digər hüquqlardan istifadə etmək imkanları hüquqi təminat altına alınmışdır. Bu müddəalar dövlətin fəaliyyətində insan amilinin və vətəndaş rifahının prioritet təşkil etdiyini göstərir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatlar Azərbaycanın inkişafını yeni mərhələyə yüksəltmişdir. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu islahatlar hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə və vətəndaşların dövlət qurumlarına etimadının artırılmasına xidmət edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də insan kapitalının gücləndirilməsi və sosial rifahın yüksəldilməsidir. Təhsil, səhiyyə, sosial müdafiə, məşğulluq və digər sahələrdə həyata keçirilən proqramlar vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Yeni məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikilməsi, infrastruktur layihələrinin reallaşdırılması və regionların sosial-iqtisadi inkişafı ölkənin ümumi tərəqqisinə mühüm töhfə verir. Bütün bu tədbirlər Konstitusiyada təsbit olunmuş sosial dövlət prinsiplərinin həyata keçirilməsinin mühüm nümunələridir.
Azərbaycanın son illərdə qazandığı ən böyük tarixi nailiyyətlərdən biri ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsidir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyin təmin olunması Azərbaycan dövlətçiliyinin tarixində yeni səhifə açmışdır. Bu hadisələr xalqımızın milli birliyini, ordumuzun gücünü və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Konstitusiyanın ölkənin bütün ərazisində ali hüquqi qüvvəsinin təmin edilməsi baxımından da müstəsna əhəmiyyət daşıyır. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bütün bunlar müstəqil Azərbaycanın gücünü, iqtisadi imkanlarını və gələcəyə hesablanmış inkişaf siyasətini nümayiş etdirir. Konstitusiya Gününün qeyd olunması hüquqi maarifləndirmənin genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətdə hüquq mədəniyyətinin yüksəldilməsi, vətəndaşların öz hüquq və vəzifələrini dərindən bilməsi, qanunlara hörmətlə yanaşması hüquqi dövlətin möhkəmləndirilməsinin vacib şərtləridir. Hər bir vətəndaş bilməlidir ki, hüquq və azadlıqlarla yanaşı, dövlət və cəmiyyət qarşısında müəyyən vəzifə və məsuliyyətlər də mövcuddur. Qanunlara riayət etmək, ictimai asayişi qorumaq, dövlət rəmzlərinə hörmət göstərmək və milli maraqlara sadiq olmaq hər birimizin vətəndaşlıq borcudur.
Bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, regional və qlobal proseslərdə fəal iştirak edən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi tanınır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, iqtisadi potensialının güclənməsi, enerji və nəqliyyat layihələrinin genişlənməsi, beynəlxalq əməkdaşlıq təşəbbüsləri dövlət müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini göstərir. Bu nailiyyətlərin arxasında xalqın birliyi, güclü dövlət idarəçiliyi, ardıcıl inkişaf siyasəti və milli maraqlara əsaslanan strateji yanaşma dayanır.
12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşına müstəqilliyimizin dəyərini, dövlətçiliyimizin hüquqi əsaslarını və qanunun aliliyinin əhəmiyyətini bir daha xatırladır. Konstitusiyaya hörmət etmək, onun müddəalarına əməl etmək və dövlətimizin inkişafına töhfə vermək hər birimizin vətəndaşlıq məsuliyyətidir. Əsas Qanunumuz xalqımızın iradəsini, milli birliyini, müstəqillik əzmini və gələcəyə inamını özündə birləşdirən fundamental dövlət sənədidir.
Əminliklə qeyd etmək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə uğurla davam etdirilir. Azərbaycan bundan sonra da müstəqilliyini və suverenliyini qoruyaraq, hüquqi dövlət quruculuğunu inkişaf etdirərək, daha güclü və firavan gələcəyə doğru inamla irəliləyəcəkdir. Konstitusiyamız isə bu yolun dəyişməz hüquqi dayağı, dövlətçiliyimizin möhkəm təməli və milli inkişafımızın əsas təminatı olaraq qalacaqdır.

 

Əli Paşayev,    
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button