
1993-cü il oktyabr ayının 29-da Ermənistan ordusu tərəfindən işğal olunmuş Zəngilan rayonunun bütün yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan, Bəsitçay Dövlət Təbiət Qoruğu və Vejnəli qızıl yatağı işğal illəri ərzində qeyri-qanuni istismar edilmişdir. Həmin ilin ortalarından başlayaraq Bakıda hakimiyyət uğrunda gedən siyasi mübarizədən istifadə edən Ermənistan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonları bir- birinin ardınca işğal edirdi. Zəngilan üç istiqamətdən düşmən mühasirəsinə düşmüşdü. Cəbrayıl rayonunun işğal olunmasıyla Zəngilan köməksiz qaldı və belə vəziyyətdə yeganə mümkün yol ancaq əhalinin İran üzərindən xilas edilməsinə qalırdı. Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları, avqustun 31-də Qubadlı rayonu işğal edildi. Ermənistanın şiddətlənən hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçərək İran İslam Respublikasının ərazisinə keçdilər. Daha sonra zəngilanlılar Azərbaycana qayıdaraq respublikanın müxtəlif rayonlarında məskunlaşdılar. Rayonun təqribən 35 min nəfər əhalisi məcburi köçkünə çevrildi. Rayon ərazisində sənaye, səhiyyə müəssisələri, mədəni-maarif ocaqları, tarix və mədəniyyət abidələri erməni vandalları tərəfindən dağıdıldı. Zəngilanın işğal edilməsi ilə təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların işğalını başa çatdırdı. Azğınlaşan işğalçı ölkə hərəkətlərini davam etdirdi.
Ərazilərinin işğalı ilə barışmayan Azərbaycan Respublikası BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək beynəlxalq birliyin diqqətini Ermənistanın Azərbaycana qarşı birbaşa hərbi təcavüzünə yönəltdi və təcavüzkara qarşı zəruri tədbirləri görməyə çağırdı. Azərbaycanın tələbinə əsasən toplaşan BMT Təhlükəsizlik Şurası noyabrın 12-də 884 saylı qətnaməni qəbul etdi. Lakin BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi təcavüzü və erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələr kimi, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş digər rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edən 884 saylı qətnaməsi də 28 il kağız üzərində qaldı. 1992-ci ildən münaqişənin nizamlanması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, təcavüzkara qarşı sanksiyaların tətbiq edilməməsi Ermənistanı şirnikləndirir, “yeni torpaqlar uğrunda yeni müharibə” sözləri ilə Azərbaycanı hədələyirdi.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda mövcud gərginliyi daha da qızışdırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturlarına nəzarəti ələ keçirməkdən ibarət idi. 2020-ci ilin avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin 2020-ci il avqustun 23-də həmin qrup zərərsizləşdirildi. 2020-ci il sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını növbəti dəfə bəyan etdi. Lakin təəssüf ki, Ermənistanın ardıcıl təxribatları və yeni müharibə planlarına son qoyulması üçün ATƏT-in Minsk qrupu tərəfindən heç bir praktiki addım atılmadı.
2020-ci il sentyabr ayının 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə daha geniş miqyasda Azərbaycan Ordusunun mövqeləri və təmas xətti boyunca yerləşmiş yaşayış məntəqələrinə qarşı hərbi təxribata əl atdılar. Onlar iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından həmin mövqeləri intensiv şəkildə atəşə tutdular. Nəticədə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qərarı əsasında Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatları başlandı. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını işğal altında olan ərazilərdəki təmas xəttinin üç istiqamətindən – Ağdam-Tərtər, Murovdağ və Füzuli-Cəbrayıl istiqamətlərindən həyata keçirilməyə başladı. “İkinci Qarabağ”, yaxud “Vətən müharibəsi” kimi adlandırılan 44 günlük Vətən Müharibəsi başlandı.
Müharibənin elə ilk günündən erməni silahlı qüvvələrinin müdafiə xətləri yarıldı. Nəticədə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsiləsində Murov zirvəsi erməni işğalından azad edildi. Adları çəkilən yaşayış məntəqələri Vətən müharibəsinin gedişində azadlığına qovuşmuş ilk yaşayış məntəqələri oldular. Ermənistan silahlı qüvvələri sentyabrın 28-29-da itirdikləri bir sıra hərbi mövqelərin geri qaytarılması üçün, həm cənub istiqamətində, həm də şimal istiqamətində əks-hücuma keçməyə cəhd göstərdilər. Erməni hərbi-siyasi rəhbərliyi cəbhə xəttində Azərbaycan Ordusunun üstünlüyünü bir təsadüf kimi qəbul edərək tezliklə tarazlığın bərpa ediləcəyinə ümid edirdi. Çoxsaylı beynəlxalq havadarlarına arxalanmaqla, Azərbaycanın genişmiqyaslı döyüş əməliyyatlarına başlayacağına inanmayan Ermənistanın hərbi rəhbərliyi Vətən müharibəsinin ilk günlərində çox tezliklə bu müharibənin dayandırılacağına ümid edirdi. Lakin Azərbaycanın hərbi qüvvələri onların bu ümidlərini puça çıxardılar.
Oktyabr ayının ilk günlərində Azərbaycan Ordusunun uğurlu döyüşləri davam etdi. Cəbhənin şimal-şərq hissəsində Azərbaycan Ordusunun bölmələri güclü erməni müdafiə mövqelərini yararaq Suqovuşan kəndi ətrafındakı hakim yüksəklikləri ələ keçirdi. Bu da imkan verdi ki, Suqovuşan kəndi nəzarət altına alınsın. Cəbhənin şimal istiqamətində erməni hərbi qüvvələrinin itirilmiş mövqeləri bərpa etmək cəhdlərinin qarşısı alındı. Cəbrayıl-Füzuli istiqamətində də erməni hərbi qüvvələrinin müqaviməti qırıldı və onlar geri çəkilməyə məcbur edildilər.
Oktyabr ayının 19-20-də Azərbaycan Ordusunun tətbiq etdiyi taktika bu istiqamətdə formalaşdırılmış olan zərbə gücünün səmərəli şəkildə hərəkətə gətirilməsi ilə sürətli hücum həyata keçirməyə imkan verdi. Oktyabrın 20-də cəbhənin cənub istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu döyüşlərin necə nəticələnməsini isə Azərbaycan xalqına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev çatdırdı. Və artıq Zəngilan azad idi!
Bütünlükdə Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində döyüş meydanlarında əldə edilmiş uğurlar nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrud və Suqovuşan qəsəbələri, digər kənd və qəsəbələr işğaldan azad edildi. Böyük Zəfərin əldə edilməsi ilə təxminən 30 il müddətində davam edən “Dağlıq Qarabağ” adlı bir münaqişəyə də son qoyuldu, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminə və onun dayaqlarına sarsıdıcı bir zərbə vuruldu.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 31 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” həmin Sərəncama əsasən hər il oktyabrın 20-si “Zəngilan şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb. 28 il ərzində erməni vandalları tərəfindən xarabazara çevrilən Zəngilan şəhəri və Zəngilan rayonu tamamilə yenidən doğulur. Doğma ocaqlarına həsrət qalan zəngilanlılar ən müasir və abad şəkildə yenidən inşa edilən doğma yer-yurdlarına qayıdırlar. Dövlətimizin başçısının gündəlik nəzarəti və qayğısı sayəsində Zəngilan rayonunun da daxil olduğu Şərqi Zəngəzur cənnətə çevrilir.
Hüseyn Ağayev,
Xəzər rayonu, R.Baxışov adına 218 nömrəli tam orta məktəbin tarix müəllimi