Analitika

Zəfərlərimiz əbədi və sarsılmaz olsun!

Bu gün böyük Zəfər günüdür. Vətənimiz azad, torpaqlarımız bərəkətli, vətəndaşlarımız xoşbəxtdirlər və hər bir Azərbaycanlı Vətən müharibəsindəki şanlı qələbəmizlə fəxr edir.

Noyabrın 8-də, Şuşa şəhərinin azad olunduğu gün və İkinci Qarabağ müharibəsinin başa çatmasının üçüncü ildönümü münasibətilə Xankəndində Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib. Azərbaycanın müxtəlif qoşun növlərinin bölmələri şəhərin baş meydanından hərbi əməliyyatlar zamanı ermənilərdən götürülmüş hərbi texnika ilə təntənəli keçid edib.

Hərbiçilər qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev deyib ki, 1919-cu ildə Cümhuriyyət qurucuları tərəfindən Xankəndidə keçirilmiş birinci hərbi paraddan 104 il sonra Xankəndi ikinci dəfə özünün qürur tarxini yaşamaqdadır. Ali Baş Komandan İlham Əliyev prezident seçildikdən sonra keçirilmiş andiçmə mərasimində xalqa verdiyi vədini xatırlatdı. “…gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Bu müqəddəs bir vəd idi. Ölkə başçımız 20 il ərzində öz amalına doğru, torpaqlarımızın xilası və xalqın nicatı üçün addım-addım irəli getdi, getdikcə öz məqsədinə yaxınlaşdı və nəhayət böyük Zəfər salnaməsini Azərbaycan tarixinə öz əlləri ilə yazdı.

Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Əsgərlərimiz, zabitlərimiz və generallarımız Vətən torpağı uğrunda müqəddəs savaşa atıldılar və bu savaşdan qalib çıxdılar. 44 günlük Vətən müharibəsi və bir günlük anti-terror tədbirlərində hərbiçilərimizin uğurları dünya hərb sənətində nadir peşəkarlıq nümunəsinə çevrildi. Zəfərimiz Azərbaycan xalqının əyilməz ruhunu bur daha nümayiş etdirdi.

Dövlət başçısı Prezident İlham Əliyev müqəddəs savaşımızın nəticələrini belə bəyan etdi: “Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik. Azərbaycan bununla Qarabağın sahidi olduğunu nümayiş etdirir. Dövlətimizin ərazisi və sərhədləri etibarlı əllərdədir. Qarabağın Azərbaycanın əbədi bir parçası olaraq qalacaq”.

Bu xoşbəxtliyə nail olmaq uğrunda canlarını qurban vermiş şəhidlərimizi dərin ehtiramla anır və onların xatirəsini əziz tuturuq. Şərəfli ölümləri ilə Azərbaycan oğulları Vətən torpaqlarını bütövləşdirərək bu günkü nəsillərə əmanət etdi. Bu əmanəti göz bəbəyi kimi qorumaq isə hər bir Azərbaycanlının şərəf işidir.

Zəfərlərimiz əbədi və sarsılmaz olsun!

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button