Analitika

Zəfərin mübarək, Azərbaycan xalqı!

Artıq üç ildir ki, Azərbaycan Zəfər gününü qeyd edir. Hər zəfər günü bir tarixi hadisə ilə yaddaşımıza həkk olunmuşdur. Bu dəfəki Zəfər günü isə Xankəndində keçirilən Zəfər paradı ilə yaddaşlara həkk olundu. Bu hərbi paradla bir daha göstərdik ki, Xankəndi Azərbaycanın qədim şəhərlərindən biridir. Qələbə paradı Azərbaycanın hərbi gücünü göstərməklə yanaşı, həm də onun tarixi ədaləti bərpa etməsini göstərir. Qürurverici andır ki, bu gün Azərbaycanın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Xankəndidə bayrağı qaldırarkən cənab Prezident İlham Əliyevin verdiyi mesajlardan çıxan nəticələrdə bir daha təsdiq olundu ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bununla həm də düşmənlərimizə göstərdik ki, Azərbaycanla diqtə dili ilə danışmaq, ona zor tətbiq etmək mümkün deyil. Azərbaycan Ordusu hər an Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını həyata keçirməyə hazırdır. 08 noyabr 2020-ci il Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik. Bunu  artıq hər kəsin qəbul etməsi lazımdır. Əgər rəsmi İrəvan bunu zamanında qəbul etsə və 44 günlük Vətən savaşından dərs çıxra bilsəydi, o zaman antiterror tədbirinə də ehtiyac qalmayacaqdı. Bu gün də Ermənistan rəhbərliyi əgər yenə də revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, Xankəndində keçirilən parada nəzər yetirsinlər. Bilsinlər ki, Azərbaycan heç bir qüvvənin bizimlə təhdid dilində danışmasına imkan verməyəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyəti, igid oğullarımızın polad iradəsi, gücü sayəsində cəmi 44 gün ərzində haqq savaşımızın zəfərlə başa çatması yeni-yeni qələbələrə yol açdı. Şuşa zəfərindən ötən üç il müddətində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, suverenliyini təmin etdi.  Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəng su anbarı ərazisində bayrağımızı dalğalandıraraq bütün dünyaya bu yerlərin əzəli və əbədi Azərbaycan torpağı olduğunun mesajını verdi.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button