
Dörd il bundan əvvəl Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, iqtisadi gücümüz, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzulinin 27 illik həsrətinə son qoyuldu. 1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlilinin olması danılmaz faktlardır. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulmuşdur. Bu statistik rəqəmlər Füzulinin acı bir dövrünü əks etdirir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. İşğaldan azad olunan Füzulidən əsər-əlamət qalmamışdır və bütün binalar, infrastruktur dağıdılmış, dini abidələr talan olunmuşdur.
Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Qısa bir zamanda Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşması istiqamətində görülən işlər idi.
2020-ci ilin noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuliyə səfəri zamanı dövlət başçımızın Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağını qaldırması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən bir olaraq tarixə həkk olundu. Həmin gün Prezident tərəfindən Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu yol – Zəfər yolu bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Çox keçmədi ki, regionun inkişafında mühüm rolu olacaq Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı buradakı görülən işlərin əyani təzahürüdür. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinini göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti, siyasi iradəsi ilə Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarını da qeyd etməliyik. Füzuli şəhərində görülən işlər sırasında “Füzuli” yarımstansiyasının istifadəyə verilməsi də diqqətiçəkəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olan 110/35/10 kilovoltluq yarımstansiya işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. Füzuli aeroportunun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Dövlətimizin başçısı tərəfindən rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman, eləcə də ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməli qoyulub. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Böyük Qayıdış çərçivəsində əzəli sakinlər doğma yurduna qayıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur.
Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaqdır.
Cənab Prezident İlham Əliyev ötən il oktyabrın 17-də Füzuliyə səfəri zamanı “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür…”, – deyə bildirmişdir.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri