Yenidən qurulan Zəngilan
29 sentyabr 2023-cü il tarixində Şərqi Zəngəzur 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Bu təsdiq edir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa edilib. Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. O, çıxışı zamanı qeyd etdiyi kimi: ”Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb.
Prezident İlham Əliyev bildirdi ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: “Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq”.
Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Şəhərin baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır, çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.
Bölgənin yol infrastrukturu sürətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Cənab Prezident çıxışı zamanı onu da qeyd edib ki, Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.
Rzayeva Xəyalə,
Xəzər rayonu, 122 №li ümumi orta məktəbin əməkdaşı