Yeni qanun Azərbaycan siyasi mühitində yeni reallıqlar yaradacaq
Azərbaycan Prezidenti cənab İlham Əliyev son illər respublikada fəaliyyət göstərən siyasi təşkilatların güclənməsinə xidmət edən ardıcıl addımlar atır. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların böyük əksəriyyətinin qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsilçiliyi bu istiqamətdə atılan mühüm addımlardan sayılmalıdır.
Bu baxımdan, “Siyasi partiyalar haqqında Qanun”un Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafına töhfə verəcəyi şübhə doğurmur. Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcəkdir. Qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaqdır. “Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasilər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Onlar da, nəhayət, anlamaq məcburiyyətindədirlər ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan qədər xeyir verə bilməzlər. Unutmaq olmaz ki, bu gün müxalifətdə olan partiyalar nə vaxtsa hakimiyyətə gəlməyə namizəd olan siyasi qurumlardır. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan və onların icrasını təmin edən kadr bazası olmalıdır. Siyasi partiya hakimiyyətə gəldikdən sonra kadr axtarışına çıxmamalı, əvvəlcədən zəruri hazırlıqlarını görməli, hakimiyyət yükünü öz üzərinə götürməyə hazır olmalıdır.
Çox təəssüf ki, bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından başqa hakimiyyət yükünün, hakimiyyət məsuliyyətinin altına girməyə qadir olan siyasi partiya yoxdur. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, ilk növbədə, hakimiyyətin bu vəziyyətdən keçirdiyi narahatlıqla bağlıdır. Ümid edirik ki, qanunun qəbulundan sonra partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda bir neçə ciddi siyasi partiya formalaşacaq. Son nəticədə qazanan isə dövlətimiz, xalqımız və cəmiyyət həyatında samballı çəkisi olan siyasi partiyalar olacaq.
Yeni qanun isə, hər şeydən əvvəl, bu hərc-mərcliyi, dağınıqlığı, süstlüyü və məsuliyyətsizliyi aradan qaldırmağa, siyasi partiyalarda məsuliyyət hissini, gücü və nüfuzu artırmağa, onlar arasında təmərküzləşmə meyillərini sürətləndirməyə, bir növ, bu sektorda gələcək islahatlar üçün ölkənin milli maraqlarına uyğun şəkildə nizam, sabit və möhkəm özül yaratmağa hesablanıb. Bəzi tələblərin sərtləşdirilməsi də bunula bağlıdır.
Baxın, bu qanunun qəbulunun əleyhinə hazırda ən çox o partiya, təşkilat və şəxslər çıxırlar ki, ya vaxtilə hansısa resurslar hesabına “populyar siyasi təşkilat” kimi tanınıblar, indi isə real gücləri və cəmiyyətdən dəstəkləri yoxdur, davamlı və şəffaf rəqabətə, yeni münasibətlərə keçidə hazır deyillər, ya da hansısa çirkli kapital sahibi olan oliqarxın və yaxud xarici gücün maraq təmsilçisidirlər.
Yeni qanun siyasi partiyaların fəaliyyətində şəffaflığı və açıqlığı təmin etməklə, eyni zamanda, onlara cəmiyyətin və dövlətin nəzarət imkanlarını artırır ki, bu da indiyədək qeyri-şəffaf və nizamsız fəaliyyət göstərənləri, missiyası yalnız dövlətə və ya hakimiyyətə qarşı hansısa güclərin əlində siyasi təzyiq aləti kimi çıxış etmək olanları qane etmir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı