
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qarşısında duran strateji vəzifələri, əldə edilmiş tarixi nailiyyətləri və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin sürətləndirilməsi oldu.
44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ölkəmiz qarşısında yeni tarixi mərhələ açıb. Bu mərhələnin əsas vəzifələrindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu göstərici azad edilmiş ərazilərdə həyatın sürətlə bərpa olunduğunu, həmin bölgələrin Azərbaycanın ümumi inkişaf prosesinə fəal şəkildə inteqrasiya edildiyini göstərir.
İşğaldan azad olunmuş ərazilərin bərpasına bu günə qədər 28 milyard manat vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi yol-nəqliyyat infrastrukturu, enerji, su təchizatı, yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikintisi və digər mühüm layihələrin həyata keçirilməsinə yönəldilib. Görülən genişmiqyaslı işlərin mühüm hissəsi artıq başa çatdırılıb.
Bu gün 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Vaxtilə məcburi köçkün həyatı yaşayan soydaşlarımız doğma torpaqlarına qayıdaraq burada yeni həyata başlayırlar. Yeni salınan yaşayış məntəqələri, müasir məktəblər, tibb müəssisələri, sosial obyektlər, yollar və digər infrastruktur layihələri Böyük Qayıdışın real nəticələridir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı “Böyük Qayıdış daha da sürətlə gedəcək” fikri qarşıdakı dövr üçün mühüm siyasi və sosial hədəfi ifadə edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız dağıdılmış ərazilərin yenidən qurulması deyil, eyni zamanda insanların doğma torpaqlarına qayıdışının, təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsidir.
Bu proses Azərbaycan dövlətinin gücünü, iqtisadi imkanlarını və siyasi iradəsini nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr ölkəmizin gələcək inkişafının mühüm dayaqlarından birinə çevrilir. Burada yaradılan müasir infrastruktur, yeni yaşayış məntəqələri və iqtisadi imkanlar Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi yer tutacağını göstərir.
Dövlətimizin başçısı çıxışında qarşıda duran vəzifələrin bununla məhdudlaşmadığını da diqqətə çatdırdı. Bu, qarşıdakı illərdə ölkəmizin qarşısında genişmiqyaslı hədəflərin dayandığını göstərir. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri bu tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklər.
Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında, dövlətçilik ideyalarının möhkəmləndirilməsində və xalq-dövlət birliyinin təmin olunmasında mühüm siyasi qüvvədir. Partiyanın hər bir üzvünün qarşısında duran əsas vəzifələrdən biri Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə öz töhfəsini verməkdir.
Böyük Qayıdış artıq Azərbaycanın müasir tarixinin ən mühüm və qürurverici proseslərindən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin genişlənməsi, insanların doğma yurdlarına qayıtması və həmin ərazilərdə həyatın canlanması Böyük Zəfərin məntiqi davamıdır.
Əminliklə demək olar ki, qarşıdakı illərdə Böyük Qayıdış daha geniş vüsət alacaq, azad edilmiş ərazilər sürətlə inkişaf edəcək və Qarabağ ilə Şərqi Zəngəzur Azərbaycanın iqtisadi, sosial və mədəni həyatının ayrılmaz və dinamik hissəsinə çevriləcək. Bu tarixi proses Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm nəticələrindən biri kimi Azərbaycanın gələcək inkişafında öz layiqli yerini tutacaq.
Vüqar Qafurov,
YAP Şəki rayon təşkilatının əməkdaşı



