Analitika

Yeni hədəflərə doğru Yeni Azərbaycan Partiyası

Yeni Azərbaycan Partiyası (YAP) — “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradıldı. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən, vətəndaşlarla dostlaşan, sağ mərkəzyönümlü siyasi partiyadır.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyev cənablarıdır.

Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.

1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.

Hazırda Yeni Azərbaycan Partiyasının 773000 nəfərdən çox üzvü var.

“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

2021-ci ilin 5 mart tarixində Yeni azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri Prezident İlham Əliyev cənabları çıxış edərək aşağıdakı əsas məsələlərə toxundu;

-Ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd  etdi və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğuladı. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməsini vurğuladı.

“Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun.” (Heydər Əliyev)

Həqiqətəndə, bu mənəvi haqqı xalqının sevgisi ilə qazanan Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi.

“Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.” (Heydər Əliyev)

Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı.

“Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.” (Heydər Əliyev)

Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.” (Heydər Əliyev)

Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir və tərəfdaş ölkələrin sayını durmadan artırır. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi və bütün nailiyyətləri ölkəmiz daxili imkanlar hesabına əldə edib. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.” (Heydər Əliyev)

90-cı illərin əvvəlində yaşanmış hərbi məğlubiyyət və daxili böhran suverenliyin gələcəyini sual altına qoymuşdur. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə yeni təhdidləri yaratmışdır. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması – gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil edirdi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuşdu.

“Tarix həmişə hər şeyi öz yerinə qoyur.” (Heydər Əliyev)

2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

YAP, yeni idarəetmə prinsiplərini hər zaman özündə ehtiva edir.

“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.” (Heydər Əliyev)

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” (Heydər Əliyev)

Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir;

“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.” (Heydər Əliyev)

Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

“Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.” (Heydər Əliyev)

Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olundu. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu.

“Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır.” (Heydər Əliyev)

Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapdı.

Bütün dünyaya ölkələri ilə dostluq siyasəti aparan Azərbaycan, Türkiyəniniqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıqları yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında 2021-ci ilin iyun ayının 2-də əməkdaşlığa dair imzaladıqları niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə  əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir. YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın həmçinin, Çin, Rusiya, Ukrayna, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Ötən ilin 29 oktyabr tarixində Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 2021-ci il 4 dekabr tarixində isə Kiyevdə Yeni Azərbaycan Partiyası və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzala­nmışdır.

“Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır.” (İlham Əliyev)

YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında yeni Proqramı təsdiq edilmişdir. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və  Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapıb;

“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.” (Heydər Əliyev)

Yeni Azərbaycan Partiyasının VII qurultayında siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olundu.

1)Heydər Əliyev yolu, 2)müstəqillik, 3)azərbaycançılıq, 4)dövlətçilik, 5)qanunun aliliyi, 6)varislik və təkamül, 7)konstruktiv əməkdaşlıq və dialoq, 8)sosial ədalət və insan amili, 8)multikultural cəmiyyət, 10)demokratik ənənələrin inkişafı.

Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 2500-dən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 6500-dən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.

2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərərçəkmiş ailələrə 1000 ədəd qatlanan çarpayı (yataq dəsti) verilmiş, evləri dağılmış 28 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirayə haqqı ayrılmışdır. “Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500 000 manat məbləğində vəsait köçürülmüşdür. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 2020-ci il ərzində ümumilikdə 500 000 manat vəsait köçürülmüş, tibb müəssisələrinə hər birindən 1000 ədəd olmaqla birdəfəlik kombinezon, maska-respirator və üz qoruyucu sipərlik təhvil verilmiş, 4000-dən artıq aztəminatlı ailəyə və kimsəsiz tənhalara ərzaq və şəxsi gigiyena vasitələri paylanılmışdır. Eləcə də, “Silahlı Qüvvələrə Yardım Fondu”na 2020-ci ildə 100 000 manat vəsait köçürülmüş, ön cəbhədə döyüşən əsgərlər üçün 14 700 manat məbləğində isti paltar və zəruri əşyalar alınmışdır. “YAŞAT” Fonduna isə 2020-ci ildə 100 000 manat vəsait köçürülmüşdür.

Təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.

Mürsəl Mürsəlov,
Azərbaycan Republikası Səhiyyə Nazirliyi,
Sanator-Kurort Reabilitasiya Mərkəzinin
Baş direktoru

Oxşar Xəbərlər

Back to top button