Yeni əməkdaşlıq imkanları İƏT üzvlərinin əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə əlavə təkan verəcək
“İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Azərbaycan da İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətləri də dostluq və qarşılıqlı hörmətə əsaslanır”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı konstruktiv əməkdaşlıq platformasıdır və Cənubi Qafqaz regionunun ən güclü ölkəsi kimi Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir: “İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Vətən müharibəsində əldə olunmuş Zəfərdən sonra yaranmış yeni reallığa əsasən Azərbaycanın formalaşdırdığı əməkdaşlıq platforması İƏT ölkələri üçün də faydalı olacaq. Nəqliyyat-kommunikasiya imkanları İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə impulslar verəcək. Yeni nəqliyyat infrastruktları – Azərbaycan və İran arasında razılaşdırılmış multimodal dəhlizlər Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək ki, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər”.
Ramil Vəlibəyov əlavə edib ki, Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platformasının yaradılması, eləcə də turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə tur-operatorlar şəbəkəsinin formalaşdırılması, Təhlükəsiz Turizmin İnkişafı Proqramının təsdiq edilməsi İƏT üzvləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə əlavə təkan verəcək.