Yeni Azərbaycan Partiyasının VII qurultayı- Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı

Ümummilli liderimiz Heydər əliyevin qurucusu olduğu Yeni Azərbaycan partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. 30 illik fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyaın sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edib. Azərbaycanın ərazi büyövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Hərb meydanında qazanılmış qələbənin siyasi və diplomatik müstəvidə strateji prosesə çevriməsi isə əsas vəzifədir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir.
Hər kəsə məlumdur ki, Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevlə bağlıdır və onun ətrafında yaradılıb. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Sovet İttifaqının tərkibində olan dövlətimiz iqtisadi göstəricilərə, sosial inkişafa, siyasi nüfuzuna görə təəssüf ki, axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində isə yüksəlməkdə davam edən Azərbaycan 1982-ci ildə müttəfiq ölkələr arasında qabaqcıl yerlərə qədər qalxdı.Ümummilli liderin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırıb.
Heydər Əliyevin davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsi, Böyük Qayıdışın–layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi qələbənin nəticələrinin möhkəmləndirilməsi və bu kimi məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib.
Əsasən, ölkənin aparıcı siyasi təşkilatı və geniş əhatə dairəsinə malik olan partiyası kimi YAP-ın da üzərinə bu istiqamətdə mühüm vəzifələr və məsuliyyət düşür. Məhz bu baxımdan partiyanın tarixi Zəfərdən sonra keçirilən ilk və mühüm qurultayı ölkənin inkişafında da yeni mərhələnin əsasının qoyulması ilə xarakterizə edildi. VII qurultay partiyanın inkişafı, müasir çağırışlara cavab verməsi baxımından əhəmiyyətli hadisə kimi qeyd edildi.
5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultayda çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. VII qurultayda qəbul olunan qərarlar və daha sonra görülən işlər milli maraqlara və müasir çağırışlara adekvat müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə imkan verir. Yeni Azərbaycan Partiyasının daha təkmil idarəetmə forması müəyyən olunub. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Əlbəttə, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amildir.
VII qurultayda həmçinin, partiyanın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib. YAP-ın VII qurultayı, eyni zamanda, YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirib. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi isə siyasi sistemin inkişafı baxımından önəmlidir. Ümumiyyətlə, YAP əməkdaşlığa açıq və siyasi dialoq ilə bağlı prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Ən mühüm məqamlardan biri YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramın təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər əksini tapıb. Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.
Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır. Şübhə yoxdur ki, qalib xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcək.
Kərimova Aygül,
Xəzər rayonu, 262 № tam orta məktəbin müəllimi



