AnalitikaSiyasət

Konstruktiv siyasət və birləşdirici təşəbbüslər

Azərbaycan hər zaman müxtəlif dinlərə və dini etiqadlara hörmətlə yanaşan, insanların dini seçimlərinə görə ayrı-seçkiliyə və qınağa yol verməyən ölkə kimi tanınıb. Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşaması Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyətlərindən biridir. Bu baxımdan, Azərbaycanda multikulturalizm və tolerantlıq həm dövlət siyasətinin mühüm istiqamətlərindən biridir, həm də xalqımızın tarixən formalaşmış həyat tərzinin və milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir.

Cari ilin 15 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın mövqeyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı qeyd edib ki, müxtəlif ölkələrdən və regionlardan dini liderlərin Bakıda bir araya gəlməsi birlik, dostluq və əməkdaşlığın mühüm nümunəsidir.

Tədbirdə Prezident İlham Əliyev Ağdam məscidinin bərpa işlərinə başlanılan ilk obyektlərdən biri olduğunu və artıq bir sıra məscidlərin bərpa edilərək yenidən istifadəyə verildiyini bildirib. Beləliklə, Qarabağda quruculuq işləri həm fiziki infrastrukturun yenilənməsi, həm də Azərbaycanın milli-mənəvi irsinin bərpasının təcəssümüdür. Dövlətimizin başçısının çıxışının mühüm mesajlarından biri isə Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çəkilməsi ilə bağlıdır. Cənab Prezident Azərbaycanın müharibədən sonra da sülh yolunu seçdiyini vurğulayıb. Bu yanaşma Azərbaycanın hərbi nəticələrdən sonrakı mərhələdə siyasi gündəliyi sülh və sabitlik üzərində qurmaq istədiyini göstərir.

Cənab Prezidentin çıxışında beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara dair tənqidlər də geniş yer alıb. Qarabağ münaqişəsi dövründə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı Azərbaycanın mövqeyi bir daha səsləndirilib. Bu fikirlərin əsas xətti ondan ibarətdir ki, beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə münasibətdə eyni şəkildə tətbiq edilməlidir. Eyni zamanda, İslamofobiya və müsəlman dünyasına qarşı ayrı-seçkilik meyillərinə qarşı mübarizədə həmrəyliyin vacibliyi vurğulanıb.

Dövlət başçımızın da vurğladığı kimi, dini liderlərin bu məsələdə mövqeyi yalnız dini icmalar üçün deyil, beynəlxalq ictimaiyyət üçün də əhəmiyyət daşıyır. Bu baxımdan dini diplomatiya sülh, qarşılıqlı hörmət və dialoqun təşviqi üçün əlavə imkan rolunu oynayır. Ümumilikdə, Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər Azərbaycanın regional siyasətinin bir neçə əsas xəttini bir araya gətirir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button