AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası – güclü dövlətçilik və parlaq gələcəyin təminatçısı

Azərbaycanın siyasi tarixində özünəməxsus yeri və mühüm rolu olan Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsində əlamətdar hadisə olmuşdur. 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası xalqın taleyüklü problemlərlə üzləşdiyi, ölkədə siyasi və iqtisadi böhranın hökm sürdüyü bir dövrdə meydana gəlmişdir. Həmin mürəkkəb tarixi şəraitdə xalqın güclü siyasi iradəyə, təcrübəli rəhbərə və milli maraqları müdafiə edən təşkilata ehtiyacı var idi.

Yeni Azərbaycan Partiyasının yaradılması xalqın gələcəyə olan inamının, sabitlik və tərəqqi istəyinin təcəssümü idi. Partiyanın təsis olunması Azərbaycanın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun zəngin siyasi təcrübəsi, dövlətçilik düşüncəsi və xalq qarşısındakı böyük xidmətləri yeni siyasi təşkilatın formalaşmasında həlledici əhəmiyyət daşıdı. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi.

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik bərqərar edildi, iqtisadi inkişafın təməli qoyuldu və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeləri gücləndirildi. Bu siyasi xətt sonrakı illərdə də davam etdirilərək ölkəmizin hərtərəfli inkişafına xidmət etdi.

Bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun fəaliyyət göstərir. Azərbaycanın iqtisadi qüdrətinin artırılması, sosial rifahın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqların qorunması istiqamətində həyata keçirilən siyasət ölkəmizin uğurlu inkişafını təmin edir. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və ordumuzun qüdrətini nümayiş etdirdi.

Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərin fəallığının artırılması, onların ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi də mühüm istiqamətlərdən biridir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və dövlətçilik ənənələrinin qorunması partiyanın qarşıya qoyduğu əsas məqsədlərdəndir.

Partiyanın yaranmasından ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, regionun güclü dövlətlərindən birinə çevrilmişdir. Bu tarixi yol Yeni Azərbaycan Partiyasının ölkənin siyasi həyatındakı rolunu və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfələri bir daha göstərir.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, milli birlik, dövlətçilik və inkişaf ideyalarının təntənəsidir. Bu gün partiyanın əsas hədəfi güclü, müstəqil və suveren Azərbaycanın daha da inkişafına töhfə vermək, gələcək nəsillərə firavan və qüdrətli dövlət miras qoymaqdır. Azərbaycanın uğurlu gələcəyi naminə həyata keçirilən fəaliyyət bu siyasi yolun davamlılığını və əhəmiyyətini bir daha təsdiqləyir.

Ləman Cəlilova,    
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button