
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü müasir Azərbaycan siyasi tarixində mühüm əhəmiyyət kəsb edən tarixi hadisənin, milli dövlətçilik ideyalarının və xalqın gələcəyə olan inamının təntənəsidir. Bu əlamətdar tarix yalnız bir siyasi təşkilatın yaranma günü deyil, həm də Azərbaycanın mürəkkəb ictimai-siyasi şəraitində milli maraqların müdafiəsi, dövlət müstəqilliyinin qorunması və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində atılmış taleyüklü addımın rəmzidir.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasi təfəkkürünün, zəngin dövlətçilik təcrübəsinin və xalqına sonsuz bağlılığının təcəssümü olan Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilmişdir. Təsadüfi deyil ki, partiyanın gələcək missiyasını və tarixi mahiyyətini ifadə edən Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı bu gün də öz aktuallığını qoruyur. Bu müdrik fikir partiyanın keçdiyi tarixi yolun, müasir dövrdəki fəaliyyətinin və qarşıya qoyduğu strateji hədəflərin mahiyyətini özündə birləşdirir.
1992-ci ilin əvvəllərində Azərbaycanda hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, ölkənin müstəqilliyinin təhlükə altında olması, siyasi idarəetmədə yaranmış böhran və cəmiyyətdə sabitliyə, güclü liderə ehtiyacın artması xalqın qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirmişdi. Belə bir şəraitdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar, nüfuzlu şəxslər, elm və mədəniyyət xadimləri, vətənpərvər insanlar ölkənin gələcəyini düşünərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdilər.
Naxçıvandan başlanan bu təşəbbüs qısa müddətdə ümumxalq hərəkatına çevrildi. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Partiyanın yaranması xalqın öz gələcəyinə sahib çıxmaq, müstəqilliyini qorumaq və ölkəni böhrandan çıxarmaq iradəsinin siyasi ifadəsinə çevrildi.
YAP-ın yaradılması, eyni zamanda, Heydər Əliyev siyasi məktəbinin və dövlətçilik fəlsəfəsinin yeni siyasi platformada birləşməsi demək idi. Partiya ilk gündən milli maraqları, dövlət müstəqilliyini, demokratik inkişafı, hüquqi dövlət quruculuğunu və sosial ədalət prinsiplərini əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdi.
1993-cü ilin iyun ayında ölkədə yaranmış siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi ehtimalı Azərbaycanın taleyində həlledici məqam yaratmışdı. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni bir dönüş nöqtəsi oldu. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində dövlətçiliyimiz qorundu, siyasi sabitlik təmin edildi, Azərbaycanın müstəqil dövlət kimi inkişafının möhkəm təməli qoyuldu.
Bu prosesdə Yeni Azərbaycan Partiyası da mühüm siyasi qüvvə kimi çıxış etdi. Partiyanın ətrafında birləşən insanlar Ulu Öndərin rəhbərliyi ilə ölkədə sabitliyin bərqərar olunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və milli inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini verdilər. Beləliklə, YAP yalnız siyasi təşkilat kimi deyil, həm də Azərbaycanın dövlətçilik tarixində mühüm missiya daşıyan ümumxalq siyasi qüvvəsi kimi formalaşdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddətdə dərin böhrandan çıxaraq inkişaf və tərəqqi yoluna qədəm qoydu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində və Azərbaycanın dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynadı. Bununla yanaşı, hüquqi dövlət quruculuğu, demokratik institutların inkişafı, milli-mənəvi dəyərlərin qorunması və sosial siyasətin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas mahiyyəti güclü dövlət, qüdrətli iqtisadiyyat, milli birlik və xalqın rifahına xidmət edən idarəçilik prinsiplərinə əsaslanırdı. Məhz bu prinsiplər Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi fəaliyyətinin əsasını təşkil etdi. Partiyanın sıralarına müxtəlif peşə sahiblərinin, ziyalıların, gənclərin, qadınların və cəmiyyətin digər təbəqələrinin nümayəndələrinin qoşulması onun ümumxalq partiyası kimi mövqeyini daha da gücləndirdi.
2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində yeni mərhələ başlandı. Azərbaycan xalqının etimadı ilə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsini təmin etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin iqtisadi potensialı gücləndirildi, genişmiqyaslı infrastruktur layihələri həyata keçirildi, regionların sosial-iqtisadi inkişafı sürətləndirildi, Azərbaycanın beynəlxalq nüfuzu və siyasi mövqeləri əhəmiyyətli dərəcədə möhkəmləndirildi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan kapitalının inkişafı, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi.
Bu dövrdə Azərbaycanın ən mühüm strateji hədəflərindən biri olan ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində də ardıcıl və qətiyyətli siyasət həyata keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu qələbə xalqımızın milli birliyinin, ordumuzun qüdrətinin, dövlətimizin siyasi iradəsinin və uzun illər ərzində aparılmış məqsədyönlü siyasətin möhtəşəm nəticəsi oldu.
2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bütün ərazilərində tam bərpa etməsi müasir tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Beləliklə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qüdrətli dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoydu.
Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun məntiqi nəticəsidir. Eyni zamanda, bu uğurlar Yeni Azərbaycan Partiyasının siyasi ideologiyasının əsasını təşkil edən milli birlik, dövlətçilik, vətənpərvərlik və güclü Azərbaycan prinsiplərinin real həyatda təcəssümüdür.
Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində öz fəaliyyətini zamanın tələblərinə uyğun şəkildə təkmilləşdirmiş, təşkilati strukturunu gücləndirmiş və yeni hədəflər müəyyənləşdirmişdir. Partiyanın VII Qurultayında qəbul edilən qərarlar, struktur və idarəetmə sistemində aparılan yeniliklər, eləcə də siyasi fəaliyyətin müasir çağırışlara uyğunlaşdırılması bu istiqamətdə mühüm addımlar olmuşdur.
2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay isə partiyanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, regionda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə keçirilmişdir. Prezident İlham Əliyevin qurultaydakı çıxışı, qarşıya qoyduğu vəzifələr və müəyyən etdiyi strateji istiqamətlər partiyanın gələcək fəaliyyətinin əsas prioritetlərini bir daha müəyyənləşdirmişdir.
Dövlət başçısının vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Bu reallıq partiyanın 34 illik fəaliyyəti ərzində qazandığı siyasi nüfuzun, təşkilati potensialın və xalqla formalaşdırdığı əlaqələrin göstəricisidir.
Bu gün YAP-ın qarşısında dayanan əsas vəzifələrdən biri Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin davamlı inkişafına töhfə verməkdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi partiyanın ictimai-siyasi fəaliyyətində xüsusi yer tutur.
Eyni zamanda, müasir informasiya məkanında milli maraqların müdafiəsi, ideoloji təhlükəsizliyin təmin edilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və dezinformasiyalara qarşı mübarizə də mühüm vəzifələrdəndir. Bu istiqamətdə partiyanın üzvləri, xüsusilə gənclər fəallıq göstərməli, dövlətçilik ideyalarının və milli-mənəvi dəyərlərin təbliğinə öz töhfələrini verməlidirlər.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, partiyanın keçdiyi tarixi yol Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Dünən xalqın taleyüklü çağırışlarına cavab olaraq yaradılan YAP bu gün müstəqil Azərbaycanın siyasi həyatında mühüm yer tutur və gələcək inkişaf proseslərində də üzərinə böyük məsuliyyət götürür.
Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı məhz bu tarixi reallığı ifadə edir. Dünən – partiyanın yaranması və dövlət müstəqilliyinin qorunması uğrunda mübarizə; bu gün – güclü, suveren və qalib Azərbaycanın inkişafı; gələcək isə milli maraqların qorunduğu, iqtisadi qüdrətin daha da artdığı, vətəndaş rifahının yüksəldiyi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyi yeni tarixi mərhələdir.
Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvünün qarşısında mühüm vəzifələr dayanır. Hər bir partiya üzvü öz fəaliyyəti, vətəndaş mövqeyi, ictimai fəallığı və dövlətçilik prinsiplərinə sədaqəti ilə partiyanın nüfuzunun yüksəlməsinə töhfə verməlidir. Partiya üzvlərinin məsuliyyəti yalnız təşkilati tədbirlərdə iştirakla məhdudlaşmamalı, onların gündəlik fəaliyyəti də xalqa və dövlətə xidmət nümunəsi olmalıdır.
34 illik tarixi yol göstərir ki, Yeni Azərbaycan Partiyasının gücü onun ideoloji əsaslarının möhkəmliyində, dövlətçilik ənənələrinə sədaqətində, xalqla birliyində və zamanın çağırışlarına uyğun fəaliyyət göstərmək bacarığındadır.
Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, partiyanın inkişafında əməyi olan bütün insanlara minnətdarlığımızı bildiririk. İnanırıq ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da uğurla davam etdiriləcək, Yeni Azərbaycan Partiyası qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında fəal iştirak edəcəkdir.
Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini



