Bu münasibətlə ölkə başçısı cənab İlham Əliyev bütün deputatları ürəkdən təbrik etmiş və Milli Məclisə uğurlar arzulamışdır. O, bildirmişdir ki, əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü bütün dünyaya sübut etdi.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.
Növbəti önəmli vəzifə sərhədlərimizin qorunması ilə bağlıdır. Hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. Özü də bu şərti sərhədin relyefi, coğrafiyası çox ağır, həm də ki, iqlim nöqteyi-nəzərdən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil. Bizim bəzi xidmət yerlərimizin hündürlüyü 3 min metrdən çoxdur. Amma buna baxmayaraq, bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir.
Ölkə başçımız çıxışında bildirmişdir ki, Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir.
Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var – real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. İctimaiyyət də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir. Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm Azərbaycan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar. Amma mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır.
Qarabağın və Şərqi Zəngəzurun bərpası təbii olaraq bizim hər birimizin önəmli vəzifəsidir. Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim. Sadəcə olaraq, bir neçə rəqəmi sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.Bilirsiniz, işğal dövründə bizim təbii olaraq xarici siyasətimizin böyük hissəsi bu istiqamətə yönəlirdi. İndi isə – tarixi Zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik və bu münasibətlə bir neçə kəlmə demək istərdim: müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib.
Bu yaxınlarda Azərbaycan COP29 beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. Tədbirin Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.
Hikmət Qasımov,
Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin Tarix müəllimi