Yaxın zamanda Rumıniya ilə aramızda ticari-iqtisadi sahədə yaxşı nailiyyətlərin əldə olunması gözlənilir
Tarixi faktlar təsdiq edir ki, Azərbaycan – Rumıniya münasibətlərinin əsası hələ XV əsrdə qoyulub. 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Moldav knyazı Böyük Stefan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Bu əlaqələr Səfəvilər dövründə də davam etdirilib. Güman olunur ki, Azərbaycan dilində ilk çap məhsulu rumın knyazı Dmitri Kantemirin iştirakı ilə meydana çıxıb. Belə ki, I Pyotru Xəzərsahili səfərində (1722) müşayiət edən knyaz onun yerli əhaliyə müraciətinin Azərbaycan dilində (tatarca) mətnini hazırlayıb.
11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29-30 oktyabr 2002-ci ildə Rumıniya Prezidenti İ.İlieskunun rəhbərliyi ilə nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur. 1-4 aprel 2003-cü ildə Azərbaycanın Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada rəsmi səfərdə olmuşdur. 27-30 may 2003-cü ildə Azərbaycan Respublikasının XİN-i V.Quliyev Rumıniyanın XİN-i M.Ceoananın dəvəti ilə Rumıniyaya rəsmi səfər etmişdir.
Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksək templə inkişaf etməkdədir. Rumıniya Azərbaycan neftinin Avropa bazarlarına ixracında iştirak etmək istədiyini bəyan edib. Bu ölkələr müxtəlif regional layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq edir.
İki ölkə arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda “Azərbaycan – Rumıniya dostluq cəmiyyəti”, Buxarestdə isə “Rom-Azer” Rumıniya – Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. 2006-cı ildə məşhur rumın bəstəkarı J.Eneskuya Bakıda abidə ucaldılıb. Tanınmış jurnalist Minodor Mitrikanın Azərbaycanın tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Azərbaycanın dirçəlişi” kitabı rumın və ingilis dillərində çapdan çıxıb. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli Rumıniyada rumın dilinə tərcümə edilmiş yeganə klassik şairdir. Yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərləri, B. Vahabzadənin poemaları rumın dilinə tərcümə edilib və çap olunub.
Ticari-iqtisadi sahədə yaxşı nailiyyətlərin əldə olunması hökumətlərarası komissiyanın fəaliyyətindən də asılıdır. Rumıniya ilə Azərbaycan bu əməkdaşlığı və strateji təşəbbüsləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində inkişaf etdirmək niyyətindədir. Ötən il dekabrın 16-da SOCAR və Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb. Razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Bu müqavilə aprelin 1-dək Rumıniyaya 300 milyon kubmetr mavi yanacağın çatdırılmasını nəzərdə tuturdu.
Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb. SOCAR-dan verilən məlumata görə, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.
Rumıniya Prezidenti Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-3-də Azərbaycana səfər edib. Onunla görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir: “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”.
İslam Bafadarov,
YAP-ın gənc fəalı