Yaşıl enerjiyə keçid məsələlərini yüksək qiymətləndirilməlidir

“Cənub qaz dəhlizi” layihəsinə başlananda bu ideyanı dəstəkləyənlərlə yanaşı, onun gələcəyinə inanmayanlar və şübhə ilə yanaşanlar da az deyildi. Belə bir mövqe sərgilənirdi ki, guya Azərbaycan bu ideyanı reallaşdırmaqda aciz qalacaq və onu həyata keçirə bilməyəcək. Azərbaycan bu layihənin reallaşması ilə enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdirə bildi. Bərpaolunan enerji layihələrinin həyata keçirilməsində, həqiqətən də, Azərbaycanın tutduğu mövqe uğurludur. Dövlət başçısı belə hesab edir ki, bu, bizim ümumi “yaşıl enerji” gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir: “Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”. Qeyd etmək lazımdır ki, bütün dünyada ekologiya ciddi problemlərlə üzləşdiyi kimi, Azərbaycanda da vəziyyət o qədər asan deyil. Dünyada baş verən ekoloji problemlərin böyük bir qismi Azərbaycanda özünü büruzə verməkdədir. Belə ki, hər il Xəzər dənizi getdikcə daha da dayazlaşır, dənizdə yaşayan heyvanların sayı və növləri də seyrəlir. Baş verən ağrılı prosesləri izləmək üçün heç də böyük biliklərə ehtiyac yoxdur, bir çox halda sadə müşahidələr də çox şeyi sezməyə imkan verir. Qlobal iqlim dəyişikliyinin fəsadları göz qarşısındadır. Çaylarımızda su azalır və getdikcə quruyan çayların sayı sürətlə artmaqdadır. Əgər həmişə dağlarda ilboyu qar qalardısa, indi bu da belə deyil. Qar həm az yağır, həm də daha tez əriyir. Daha dəhşətlisi isə Xəzər dənizində suyun səviyyəsinin azalmasıdır. Bir sözlə, ekoloji problemlərin buketi Azərbaycanı bütün imkanlarını səfərbərliyə almağa sövq edir.. Prezident İlham Əliyev belə hesab edir ki, artıq bu işdə bir qədər mövzu dəyişilməlidir: “Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq”. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 157 giqavat təşkil edir. Dövlət başçısının mövqeyi belədir ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə edilməli və daxili bazarda təbii qaz istehlakı azaldılmalıdır. Azərbaycanın bir çox neft ölkəsindən fərqi onda oldu ki, biz nefti inkişafa çevirdik, sərvətlərin ədalətli paylanmasını təmin etdik. Dövlət başçısı onu diqqətə çatdırdı ki, son 20 ildə biz ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Bu rəqəmin 10 dəfə aşağı düşməsi böyük göstəricidir. Eyni zamanda qazıntı yanacağının təhlükəli olması və günahın bu ehtiyata sahib olan ölkələrin üstünə yıxılmasını Prezident İlham Əliyev təəssüf hissi ilə qeyd etdi: “Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və “yaşıl enerji” gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin”. Faktiki olaraq Azərbaycan dünya iqtisadiyyatı qarşısında enerji resurslarından daha səmərəli istifadə etmənin yeni yollarını təqdim edir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı