Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Səməd Vurğun küçəsi, 956-cı məhəllə” ünvanı (“Respublika Pediatriya Mərkəzi” PHŞ) üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Aktualinfo.az xəbər verir ki, təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.
Sonra çıxış edən Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. Partiya demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Çıxışlardan sonra səsvermə keçirilib və “Səməd Vurğun küçəsi, 956-cı məhəllə” ünvanı ərazi partiya təşkilatı təsis edildi. Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov yekdilliklə “Səməd Vurğun küçəsi, 956-cı məhəllə” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 2 saylı Q.Qarayev adına Uşaq Kliniki Xəstəxanasının baş həkimi Şəhla Quliyeva isə sədr müavini seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.