YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 31 il ötür. Yeni Azərbaycan Partiyası “91-lər”in müraciəti əsasında 1992 – ci ildə noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 500 nəfərdən ibarət təşəbbüs qrupunun iştrakı ilə yaranmışdır. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev partiyanın keçdiyi tarixi yoldan danışarkən bildirib: “Partiyanın çox böyük tarixi var, partiya ulu öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaradılmışdır. Ondan sonra partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət olmuşdur. Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizə müxalifət partiyası olaraq başlamışıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak edib”. YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. YAP Ümummilli Lider Heydər Əliyevin siyasi mirası kimi cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən aparıcı təşkilat-dinamik qüvvədir. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. 31 il ərzində partiya Azərbaycanın inkişafı üçün çalışıb. Partiya ölkə vətəndaşlarına gündəlik qayğı göstərməkdən, onların rifah halını yaxşılaşdırmaqdan başqa beynəlxalq əlaqələrə də xidmət edib. Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir. Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Partiyanın yeni proqramı beş fəsildən – “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir. Yeni proqramda ideya-siyasi varislik prinsipinə əsaslanmaqla partiyanın əvvəlki proqramında əksini tapmış və müasir dövrün tələblərinə cavab verən, cəmiyyətin ahəngdar inkişafını təmin edən ideoloji prinsiplər qorunub saxlanılmışdır. YAP demokratik siyasi dəyərlərə və prinsiplərə əsaslanır ki, onların içərisində Heydər Əliyev yolu müstəsna yer tutur. YAP-ın yeni proqramında “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr göstərilmişdir.Yeni Azərbaycan Partiyası üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirir və yetirəcəkdir.
Əliyeva Aysel,
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin müəllimi