
22 oktyabr 2026-cı il tarixində YAP Hacıqabul rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş növbəti görüş “İ.Qayıbov küçəsi 10” (Təhsil İşçiləri) ərazi partiya təşkilatında keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. O, Prezident, YAP Sədri cənab İlham Əliyevin qurultaydakı nitqinin partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyən etdiyini vurğulayıb. Natiq qeyd edib ki, hər bir partiya üzvü dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə töhfə verməli, milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ideyalarının təbliğində fəal iştirak etməlidir.
Çıxış edən YAP fəalı, Hacıqabul rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Ceyhun Əskərov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən, qarşıya qoyulan vəzifələrdən və partiya təşkilatlarının fəaliyyətində ideoloji işin gücləndirilməsinin vacibliyindən ətraflı danışıb.
Qurultay nümayəndəsi, Hacıqabul şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Qəndab Nəsibova çıxış edərək vurğuladı ki, VIII Qurultayda səsləndirilən fikirlər və müəyyən edilən strateji istiqamətlər partiyanın gələcək fəaliyyətinin təşkilində mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin çıxışında ideoloji işin gücləndirilməsi və bu istiqamətdə Yeni Azərbaycan Partiyasının rolunun artırılması ilə bağlı səsləndirdiyi fikirlər hər bir partiya təşkilatı üçün ciddi məsuliyyət yaradır. Bu baxımdan ərazi partiya təşkilatları ideoloji işin sistemli şəkildə qurulmasına, dövlət siyasətinin mahiyyətinin üzvlərə və ictimaiyyətə çatdırılmasına, milli maraqların qorunmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər.
Çıxış edən digər YAP fəalları Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurların təbliğinin, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd etdilər. Onlar bu səpkili tədbirlərin partiya üzvlərinin maarifləndirilməsi və ideoloji işin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdilər.




