AnalitikaGündəmSiyasət

Xocalıda ucalan memorial tarixi ədalətin təntənəsidir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”.
Bu sözləri SİA -ya açıqlamasında Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Nurlana Mustafayeva bildirib.
Onun sözlərinə görə, bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” ifadələri Xocalı soyqırımın tam mənzərəsini göz önünə sərir:

”Tariximizdə təkcə bir xalqın deyil, bütün bəşəriyyətin yaddaşına ağrı ilə həkk olunmuş 1992-ci il 26 fevral gecəsi insanlıq üçün utanc səhifəsidir. Həmin gecə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi. Qadınlar, uşaqlar, qocalar, hətta ana bətnindəki doğulmamış körpələr amansızcasına qətlə yetirildi, yüzlərlə ailə yer üzündən silindi, minlərlə insanın taleyi alt-üst oldu.

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Şəhər əhalisinə qarşı soyqırım həyata keçirildi. Bu qanlı hadisə nəticəsində 613 nəfər öldürüldü, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst edildi. Həlak olanların 63-ü azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi. Bu, azərbaycanlılara qarşı törədilmiş açıq-aşkar soyqırım aktı idi. Xocalıda insanlar yalnız azərbaycanlı olduqlarına görə soyqırıma məruz qalmışdılar. Qətlə yetirilənlərə xüsusi qəddarlıq tətbiq olunmuş, amansız işgəncələrlə həyatlarına son qoyulmuşdu.

Uzun illər boyunca “Xocalı” adı Azərbaycan üçün həm dərin ağrının, həm də ədalət axtarışının simvolu idi. Xocalısoyqırımına hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuş, bu soyqırımın dünya ictimaiyyətinə tanıdılmasında isə Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun birinci vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətləri vardır. Xüsusilə,Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynamışdır.

Erməni vandallarının məhz Xocalı şəhərini əsas hədəf seçməsi onun əlverişli hərbi-strateji mövqeyi ilə bağlı idi. Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşən Xocalının işğalı əsas nəqliyyat xətlərinə nəzarət imkanı yaradırdı. Bundan əlavə, şəhərdə Qarabağın yeganə hava limanı yerləşirdi. 1991-ci ilin oktyabrından blokadaya alınan Xocalıya gedən bütün yollar bağlanmış, hava limanının ələ keçirilməsi ilə şəhər tamamilə Azərbaycanın nəzarətindən çıxmışdı. Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin və sovet ordusunun 366-cı alayının azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Burada qətlə yetirilənlər günahsız, əliyalın insanlar – uşaqlar, qadınlar və qocalar idi. Şəhər tamamilə dağıdılmış, tarixi və mədəniyyət abidələri, sosial obyektlər məhv edilmişdi. O dönəmdə Xocalı soyqırımının törədilməsində iştirak etmiş Serj Sarkisyan bu gün də CənubiQafqazda Azərbaycanla Ermənistan arasında sülh proseslərini pozmaq üçün Ermənistanda revanşist qüvvələrə rəhbərlik edənlərdən biridir. Bu onu göstərir ki, soyqırımı törədən cinayətkarlar və onların başçıları Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın inkişafına əsas təhdiddirlər. Onlar törətdikləri cinayətlərə görə cəzalarını almalıdırlar.

Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə tarixi, sənədli və bədii əsərlər, kitablar, məqalələr nəşr olunmuş, sənədli filmlər çəkilmişdir. Xocalı soyqırımı artıq bir sıra ölkələr tərəfindən tanınmışdır. Soyqırım şahidlərinin foto, audio və video materiallarının toplanması və qorunması həm bu gün, həm də gələcək nəsillər üçün çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda xarici alimlərlə birgə ortaq elmi araşdırmaların aparılması olduqca vacibdir.

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Nurlana Mustafayeva bildirib.

 

Oxşar Xəbərlər

Back to top button