Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli anılarından biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə görünməmiş şəkildə zülm etdi. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, həmçinin Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman soyuqdan şaxtadan həlak oldular.
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasıdır. 1992-ci ilin qanlı faciəyə kimi Xocalıda 7 min əhali yaşayırdı. İşğal olunmazdan əvvəl Xocalıda Ermənistandan qovulan 1500 azərbaycanlı, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış çoxlu soydaşlarımız olmuşdur. Həmin gecədən səhərə qalan ancaq yaddaşlardan silinməyən rəqəmlər oldu. Əsirlikdən qayıdan Xocalı sakinlərinin anlatdıqlarını, onların nələrə, hansı acılara məruz qaldıqlarını öyrəndikcə insanın qəlbi dözmürdü dözə bilmirdi. Bunları törədən canilər isə ancaq evlərin dağıldığını, 3-4 nəfərin də öldüyünü bildirmişdilər. Lakin Çingiz Mustafayevin çəkdiyi kadrlar, bir çox jurnalistlərin qəzetlərində etdiyi yayımlar erməni vandalizmini dünyaya çatdırmaqda böyük və əsas rol oynadı. Bundan sonra Ermənistan prezidenti Sarkisyan “Xocalıya qədər Azərbaycan xalqı bizim dinc əhalini öldürməyəcəyimizi düşünürdülər. Lakin biz Xocalı ilə birlikdə onların düşüncələrini qırdıq.” demişdi.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər.
“Bu soyqırımı,eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”- deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci l tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan etmişdir.
Mürsəl Bəkirli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənc fəalı