Xocalı Soyqırımı Azərbaycan tarixinin, ümumən bəşər tarixinin ən dəhşətli, amansız insanlıq dramlarından biridir

Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq hüquq norma və prinsiplərini çox kobudcasına pozaraq, ən sıravi insanın belə malik olduğu hisslərə arxa çevirərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Bu qəddarlıq, vandallıq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə baş tutdu. Ancaq ermənilərin içüzünü, özkeçmişini az-çox bilən hər kəs təsdiq edər ki, Xocalı Soyqırımı yalnız 366-cı alayın, yalnız “Dağlıq Qarabağ”dakı bir ovuc separatçının, və yalnız Ermənistan siyasi-hərbi rəhbərliyinin deyil, bütün dünya erməniliyinin və şəryanlıların ortaq “əsər”idir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Bəli, bu insanlıq dramı bütün bəşəriyyətə qarşı tarixi cinayət idi və hər hansı bir bəraəti yoxdur. Əzəl-axır dünya erməniliyi, ilk növbədə Ermənistan adlanan respublikanın rəhbərliyi və xalqı idrak edəcək, qəbullanacaq ki, Azərbaycanla normal münasibətlər olmazsa olmazdır və bununçün təməl şərtlərdən biri Xocalı Soyqırımına münasibətdə etirafçı, ədalətli davranmaqdır. Haqqın zor üzərində təntənəsini biz 44 günlük müharibədə dəqiq gördük. Gördük ki, biz Xocalının qisasını aldıq və məhz hərb meydanında, işğalçı orduya münasibətdə aldıq. Biz ləyaqətli müharibə apardıq, uşaq, qadın, qoca, ümumən mülki şəxslərə silah tuşlamadıq. Bu, bir xarakter məsələsidir. Ən sadə cümlələrlə desək, biz erməni deyilik!
Xocalı Soyqırımı qurbanlarının xatirəsini Azərbaycan Respublikası, Dünya azərbaycanlıları, ümumən haqqpərvər, sülhpərvər, ədalətli insanlar hər yerdə hər zaman əziz tutur, ehtiramla yad edir. Ümummilli lider Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Bakıda, respublikamızın digər şəhər-rayonlarında, qardaş Türkiyədə Xocalı Soyqırımı ilə, şəhidlərimizin adı ilə bağlı çoxsaylı abidələr, yer adları var. 16 dövlət – Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala, Latviya, həmçinin ABŞ-ın 24 ştatı Xocalı Soyqırımını tanıyıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı Soyqırımının tanınması yönündə zəruri səylər göstərməyə çağırılıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “Müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbəri olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası artıq dünyanın dörd bir yanında geniş əks-səda verib, ciddi nəticələr doğurub. Bu, beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanımın təşəbbüsü ilə 2008-ci ildə başlanıb. Kampaniya bir çox ölkədə səmərəli şəkildə fəaliyyət göstərir. Yüz minlərlə insan, 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Çoxsaylı nəşrlər araya-ərsəyə gətirilib, kitabxanalara, digər müvafiq ünvanlara göndərilib. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar, digər uyğun tədbirlər kampaniyanın öz məqsədlərinə çatması üçün istifadə olunan səmərəli vasitələrdəndir. “Xocalıya ədalət” kampaniyası acı faktları müxtəlif dillərdə dünyaya yayır.
Artıq dünyada milyonlarla insan bilir ki, Xocalı Soyqırımı törədilərkən 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 Xocalı sakini girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək bəlli deyil. Şəhər yerlə-yeksan edilib. Həmin dəhşətli gecə 487 nəfər Xocalı sakini ömürlük şikəst edilib və onlardan 76 nəfəri uşaq idi. 8 ailə son nəfərinədək öldürülüb, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Bax, XX yüzil sonlarında belə bir dəhşətli soyqırım, vandalizm aktı törətmiş ermənilər, Ermənistan və havadarları nə üzlə bizi nədəsə qınaya, suçlaya bilər?
İndi qüdrətli ordumuz, Müzəffər Ali Baş Komandanımız, dövlət-xalq birliyimiz var və kimsə bizi nəyəsə vadar edə bilməz.44 günlük Vətən müharibədəki şanlı, ləyaqətli Zəfərimizlə Xocalı şəhidlərinin, bütün dövrlərdəki şəhidlərimizin ruhunu şad etmişik, dünyaya qürurlu xalq olduğumuzu sübut etmişik.
Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
8 noyabr 2023-cü il tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan möhtəşəm hərbi parad keçirildi.Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbəmizin üçüncü ildönümünə həsr edilmiş Hərbi Paradda çıxışını dinlədikcə ancaq qürur hissi keçirdik.
– “Bir dəfə demişdim ki,Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz və Xocalısız bizim işimiz yarımçıq olacaq.Üç il əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm,tarix göstərdi ki,nə qədər düzgün addım idi.Ancaq o gündən, bax bu günə qədər- sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə,Xocalıda və Xankəndində mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz- mənim üçün, həm Sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün Dünya Azərbaycanlıları üçün.”
2024-cü il fevralın 26-da, yəni 32 il əvvəl o qarlı,şaxtalı qış günündə misli görünməmiş vəhşiliklə qətlə yetirilən Xocalıların xatirəsini bir dəqiqəlik sükutla yad edəndə ürəyimizdə bir təsəlli hiss edəcəyik. Bu gün artıq Azərbaycan Respublikasının üçrəngli bayrağı Xocalıda,Xankəndində dalğalanır. Allah bu qüruru bizə yaşadan Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə saglıqlı uzun ömür,daha böyük uğurlar, qələbələr arzu edirik.
Həmidə Ələfsərova,
YAP-ın fəalı