Analitika

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Zəmin – Xocalı 1991-ci ilin oktyabrından Qarabağdakı erməni separatçılarının blokadasında idi. Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi.

1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icarə etməyə davam etdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılarla açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasını təkzib edirdi, lakin Levon Ter-Petrosyan sonra separatçıların maaşlarının ödənilməsi və maddi-texniki təchizatı ilə təmin edilməsini etiraf etsə də, döyüşə öz adamlarının göndərilməsini təkzib edirdi. Ermənistan artıq Azərbaycanın blokadası, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi üz-üzə idi. Fevralın əvvəllərində Azərbaycan kəndləri olan Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və onların mülki əhalisi qırğına məruz qalaraq evlərini tərk etməyə məcbur edildilər. Nəticədə ən azı 140 nəfər yaralanmış və 99 nəfər həlak olmuşdu.

Ermənistanın Qarabağla yeganə quru əlaqəsi yalnız vertolyotlar ilə daxil olunan Laçın dəhlizi idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km aralı yerləşən, əhalisi təxminən 6.000–10.000 nəfər olan Xocalı şəhəri idi. Bundan əlavə, Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət etmişdir. Ermənilər Xankəndidə ermənilərin yaşadığı çoxmərtəbəli binalara 400 Qrad raketlərinin atıldığını iddia edirdi. Erməni tərəfi fevralın sonunda azərbaycanlılara hücum barədə xəbərdarlıq etdiklərini və şəhəri təslim etmək barədə ultimatum verir.

Hücumun iştirakçıları

Hesabatda hücumun iştirakçılarının, “Artsaxın Milli Azadlıq Ordusu (AMAO)” “Dağlıq Qarabağ Respublikası”nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarət olması qeyd olunur. “Memorial” müşahidəçiləri Xocalıya hücum etməyə şəxsən kimin əmr verdiyi və ya əməliyyata görə kimin məsuliyyət daşıdığı barədə məlumat ala bilməmişdir, lakin “DQR” rəhbərliyinin onun Dağlıq Qarabağda vəziyyətə tam nəzarət etməsi ilə bağlı bəyanatını əsas götürərək Xocalını zəbt etmək əməliyyatının həm planlaşdırmasına, həm də icrasına görə məsuliyyətin də onun daşıdığı nəticəsinə gəlmək olar.

366-cı motoatıcı alayın rolu

Bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər. Hərbi hissənin komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.

Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayının döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir, onlar şəhərə atəş açmış, lakin ora daxil olmamışdır. Erməni tərəfi hərbçilərin döyüş əməliyyatlarında iştirakı üçün alayın komandanılığının yazılı əmrinin olmadığını bildirir.

Əhalinin çıxması üçün “azad dəhliz”

“DQR” rəsmilərinin məlumatına görə mülki əhalinin Xocalıdan çıxması üçün şəhərin şərq hissəsindən başlayan, çay yatağı ilə davam edən və şimal-şərq tərəfə, Ağdama doğru istiqamətlənən və Əsgəranı sol tərəfdən keçən “azad dəhliz” saxlanılmışdı. Bu “dəhliz” 100–200, bəzi yerlərdə isə 300 metrə çatan enliyə malik idi. Ermənistan silahlı birləşmələrinin üzvləri mülki əhaliyə və həmin “dəhlizin” hüdudlarında yerləşən silahsız hərbi birləşmələrin üzvlərinə atəş açmayacağına söz vermişdi.

“DQR” rəsmilərinin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri bu cür “dəhliz”in mövcudluğu barədə məlumatlandırılmışdır, lakin bu məlumatı verən şəxslər Xocalının əksər sakinlərinin atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən “azad dəhliz” barədə xəbəri eşitməyə bildiyini istisna etmədilər. “DQR” rəsmiləri həmçinin bildirdilər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlər ilə əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır, lakin bunun sübutu üçün “Memorial” müşahidəçilərinə bu cür vərəqənin bircə dənə də olsa nümunəsi təqdim edilə bilmədi. “Memorial” müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişdir. Dindirilən Xocalı qaçqınları bu cür vərəqələr barədə heç nə eşitmədiyini söylədilər.

Ağdam və Bakıda “Memorial” müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, “azad dəhliz” barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun “hərbçi”si onu xəbər etmişdir). “Memorial” müşahidəçilərinin Xankəndidə təcridxana mərkəzində deputat Paruyr Hayrikyan iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri “azad dəhliz” barədə heç nə eşitməmişdir.

Hücumdan bir neçə gün öncə Ermənistan tərəfinin nümayəndələri radio əlaqədən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan dərhal əhalini tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdir. Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü “Bakinski raboçi” qəzetinin buraxılışında təsdiq olunmuşdur. “Dəhliz”in möcvudluğu barədə “Russkaya mısl” qəzetinin 03.04.1992-ci il tarixli nəşrində göstərilir və bu barədə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir: “Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildirdik… “

Şəhərdən çıxan əhalinin taleyi

Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər — əksəriyyət yüngül geyimdə qaçdılar (nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər), Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək (birinci yol – “Xocalıya hücum” bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında “azad dəhliz”lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.

Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyitləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi.[2] Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər (“azad dəhliz”ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar.

Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır. Ağdamda 181 meyitin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. “DQR” rəsmiləri “Memorial” müşahidəçilərinə “120–130 cəsədin onların razılığı ilə Ağdama” gətirildiyini bildirmişdir. 96 meyit Ağdamda dəfn olundu. Digərlərinin meyitləri qohumlarına çatdırıldı.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

Ağdamda Xocalı soyqırımının şahidi olan məcburi köçkün.

“Memorial” müşahidəçilərinin Xankəndi rayonunda yerləşən əsir götürülmüş Xocalı sakinlərinin və Azərbaycan silahlı birləşmələrinin əsir götürülmüş üzvlərinin (onların hamısı münaqişə zonasında “girov” kimi müəyyən olunur) saxlanıldığı təcridxana mərkəzində keçirdiyi baxış zamanı onların saxlanma şəraitinin hədsiz dərəcədə qeyri-qənaətbəxş olduğu müəyyən olundu. Təcridxana mərkəzində saxlanılan azərbaycanlıların xarici görkəmi onların zəif qidalandırıldığını göstərirdi və onlarda taqətdən düşmənin aydın əlamətləri görünürdü. Şifahi şəkildə alınan məlumatlara görə əsirlər müntəzəm surətdə döyülürdülər. Həmçinin o da qeyd edilməlidir ki, müşahidəçilərə yalnız bəzi girovlara baxmağa imkan verilmişdi.

Təcridxananın rəisi mayor Xaçaturyan əsirlikdə olan şəxslərlə hətta bir neçə dəqiqəlik təkbətək söhbət aparmağı qadağan etdi.Yalnız təsadüf nəticəsində bir dəfə belə bir söhbət aparmaq mümkün oldu. Əsir götürülən və sonralar dəyişdirilən Xocalı sakinləri və şəhər müdafiəçilərinin ifadələrinə görə onlar döyülmə hallarına məruz qalırdılar. İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi, lakin Bakı və Ağdamda həkimlərin də təsdiqlədiyi kimi azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur.

Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

Soyqırımın qurbanları

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırım qurbanlarına həsr olunan plakat.

Xocalı rayonundan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır. Əksər Azərbaycan və beynəlxalq KİV-lərdə qeyd olunur ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycan parlamentinin hüquq, qanunçuluq və müdafiə məsələləri idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan parlament qrupunun tərkibinə daxil olan Namiq Əliyevin 23 aprel tarixində “Helsinki Watch”-a bildirdiyinə görə Ağdamda 213 Xocalı qurbanı dəfn olunub. Ağdamda müvəqqəti olaraq yaradılmış hospitalda qəbul edilmiş bəzi cəsədlər kombatant kimi müəyyən edilmişdir. Helsinki Watch 180 Xocalı sakininin itkin düşdüyü qeyd edir.

“Qara bağ” kitabının müəllifi Tomas de Vaalın fikrincə, faciə nəticəsində 485 insan (donma nəticəsində həlak olmuşlar da daxil olmaqla) həlak olmuşdu. Azərbaycan hakimiyyətinin rəsmi hesablamasında 25-26 fevralın hadisələri zamanı zərər çəkmiş ölü sayı 613 nəfər idi, bunlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlar olmuşdur.

Digər ölkələrin reaksiyası

Kanada 2007-ci ildə Kanadanın İctimai Təhlükəsizlik naziri Monte Kvinter Xocalı soyqırımı haqqında ilk dəfə eşitdiyini və bu həqiqətlərin dünya ictimaiyyəti tərəfindən tanınmasının zəruriliyini bildirib.

Meksika 2011-ci ildə Meksiko parlamentinin deputatı Markos Peres Xocalıda baş vermiş hadisələri soyqırım adlandırıb və qeyd edib ki, “Xocalı yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə silinib”.

Türkiyə 2012-ci ildə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı yazılı açıqlamasında bildirib ki, “Soydaşlarımızın namusuna, şərəfinə, yaşamaq haqlarına qəsd etməyə cürət edən erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaq”. 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında, “Xocalı qətliamı bütün bəşəriyyətin dərs çıxarmalı olduğu hadisədir” kimi qeyd edib.

İsrail 2013-cü ildə İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib.

Moldova 2013-cü il iyulun 4-də Moldova parlamentinin deputatı və ombudsman Aureliya Qriqoriu Xocalı soyqırımını tanımağa çağırıb. O, qeyd edib ki, “Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatıb”.

Rusiya 2016-cı ildə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev ünvanladığı açıq məktubda yazmışdır ki, “Əgər Xocalıya bənzər faciələr unudulsa, bu, yeni bəlalara gətirib çıxara bilər.”

İtaliya 2016-cı ildə İtaliya Senatının Avropa İttifaqı Siyasəti Komissiyasının üzvü, Demokratik partiyasından olan senator Paolo Paleotti Senatın ümumi iclasında Xocalı soyqırımını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi adlandırıb.

Ukrayna 2017-ci ildə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və deputat Maksim Kuryaçiy qeyd edib ki, Xocalı faciəsini törədənlərin cəzalandırılmalıdır.

İndoneziya 2017-ci ildə İndoneziyalı deputat Meutya Viada Hafid “Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırım olduğunu” qeyd edib.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir.

Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar.

Azərbaycan — Azərbaycan Milli Məclisi 27 fevral 2007-ci il tarixində Xocalı qırğınını tanıyıb.

Macarıstan — Macarıstan parlamenti 17 iyun 2009-cu ildə Xocalı qırğınını tanıyıb.

Meksika — Meksika Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsi 30 noyabr 2011-ci il tarixində Xocalı qətliamını tanıyıb.

Belçika — Belçika parlamenti Xocalı qırğınını 6 yanvar 2012-ci ildə tanıyıb.

Pakistan — Pakistan Senatının Xarici İşlər Komitəsi Xocalı qətliamını 1 fevral 2012-ci il soyqırımı adlandırmışdır.

Türkiyə — Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər üzrə Komissiyası 15 fevral 2012-ci ildə Xocalı qətliamını soyqırımı adlandırmışdır.

Almaniya — Almaniya AFR-Bundestaqı 24 fevral 2012-ci ildə Xocalı qətliamını tanıyıb. Andorra Andorra — Andorra parlamenti Xocalı qırğınını 14 dekabr 2012-ci ildə tanıyıb.

Rumıniya — Rumıniya parlamenti 15 fevral 2013-cü ildə Xocalı qırğınını pisləyən qətnamə qəbul edib.

Bosniya və Herseqovina — Bosniya və Herseqovina Xalqları Assambleyası 26 fevral 2013-cü il tarixdə Xocalı qətliamını insanlığa qarşı cinayət kimi pisləyən qətnamə qəbul etmişdir.

Çexiya — Çexiya Parlamentinin Xarici İşlər Komitəsi 26 fevral 2013-cü il tarixində Xocalı qətliamını insanlığa qarşı cinayət kimi pisləyib.

Serbiya — Serbiya Milli Məclisi 26 fevral 2013-cü il tarixində Xocalı qırğınını pisləyən qətnamə qəbul etmişdir.

Kolumbiya — Kolumbiya Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsi 22 aprel 2013-cü ildə Xocalda qətliamı tanıyıb.

Peru — Peru Konqresi 10 iyun 2013-cü il tarixində Xocalı qətliamını soyqırımı kimi tanıyan qətnamə qəbul etmişdir.

Panama — Panama Milli Məclisi 7 avqust 2013-cü ildə Xocalı qırğınını pisləyən qətnamə qəbul edib.

İspaniya — İspaniya parlamenti 8 fevral 2014-cü ildə Xocalıda qətliamı tanıyıb.

Honduras — Honduras Milli Konqresi 13 fevral 2014-cü ildə Xocalı qırğınını soyqırımı kimi tanıyıb.

Sudan — Sudan Milli Məclisinin Xarici İşlər Komitəsi Xocalı qətliamını 1 sentyabr 2014-cü il tarixində tanıyıb.

İndoneziya — İndoneziya nümayəndəliyi 12 fevral 2015-ci ildə Xocalıda qətliamı tanıyıb.

Qvatemala — Konqresi-Qvatemala 12 oktyabr 2015-ci ildə Xocalı qırğınını soyqırımı adlandırmışdır.

Kosta-Rika — Kosta-Rika Xarici İşlər Nazirliyi 20 oktyabr 2015-ci ildə Xocalıda qətliamı tanıyıb.

Sloveniya — Sloveniya Milli Şurası 22 yanvar 2016-cı il tarixində Xocalı qətliamını insanlığa qarşı cinayət kimi pisləyən qətnamə qəbul edib.

İordaniya — İordaniya Parlamenti 10 fevral 2016-cı ildə Xocalı qırğınını tanıyıb.

Malta — Saint John Orden Qüds / Malta Knights. S. J. 12 dekabr 2016-cı ildə Xocalı qətliamını tanıyıb.

Moldova — Moldova parlamenti Xocalı qırğınını 31 yanvar 2017-ci ildə tanıyıb.

Şotlandiya — Şotlandiya parlamenti 2 fevral 2017-ci ildə Xocalı qətliamını tanıyıb.

Avstraliya — Avstraliya parlamenti Xocalı qırğınını 14 fevral 2017-ci ildə tanıyıb.

Litva — Litva Seymi 27 aprel 2017-ci il tarixində Xocalı qətliamını tanıyıb. Paraqvay — Paraqvay parlamenti 25 oktyabr 2017-ci ildə Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb.

Finlandiya — Helsinki Komissiyası 26 fevral 2019-cu il tarixində Xocalı qətliamını tanıyıb.

Əfqanıstan — Əfqanıstan Milli Məclisi 3 oktyabr 2020-ci ildə Xocalı qətliamını tanıyıb.

Estoniya — Estoniya parlamenti 19 fevral 2021-ci ildə Xocalı qırğınını tanıyıb.

Quam — Quamın Katibliyi 25 fevral 2021-ci ildə Xocalı qətliamını tanıyıb.

Şimali Kipr — ŞKTK prezidenti Xocalı qətliamını 26 fevral 2021-ci ildə qətliam adlandırıb

Latviya Xocalı qırğınını 26 fevral 2021-ci ildə tanıyıb.

Ukrayna — Ukrayna parlamenti Xocalı qırğınını 4 fevral 2022-ci ildə tanıyıb.

Bolqarıstan — Bolqarıstan Milli Məclisi 10 mart 2022-ci ildə Xocalı qırğınını tanıyıb.

Kanada — Kanada hökuməti 2 aprel 2022-ci il tarixində Xocalı qətliamını faciə kimi tanıyıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

İsmayılova Aynur,
Xəzər rayonu ,121 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button