AnalitikaGündəmSosial

Xilasdan Zəfərə

15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtəsi, dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyi şanlı tarixdir. Bu gün təqvimdə sadəcə bir bayram deyil, xalqımızın milli varlığının, müstəqilliyinin və gələcəyinin qorunub saxlanmasının rəmzidir.

15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyinin rəsmi xilas günü və millətin öz müqəddəratını təyin etdiyi tarixi dönüş nöqtəsidir. Bu tarix sadəcə təqvim dəyişikliyi deyil, ölkənin müstəqil bir subyekt kimi dünya xəritəsindən silinmək və parçalanmaq təhlükəsindən xilas olduğu xüsusi bir mərhələdir. 1993-cü ilin iyununda atılan qətiyyətli addımlar bu gün regional liderə çevrilən, ərazi bütövlüyünü tam bərpa etmiş qüdrətli Azərbaycanın möhkəm təməl daşıdır.

1991-1993-cü illərdə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan çox ağır siyasi, iqtisadi və sosial böhranla üz-üzə qalmışdı. Ölkədə tüğyan edən xaos, daxili çəkişmələr, hərc-mərclik və Ermənistanın hərbi təcavüzü gənc respublikanı parçalanmaq həddinə çatdırmışdı. Belə bir çətin məqamda xalqın təkidli tələbi və dəvəti ilə Ümummilli Lider Heydər Əliyev Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu qayıdış ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, siyasi sabitliyin təməlini qoydu və dövlətin sükanını qətiyyətli liderin əllərinə təslim etdi. 1997-ci ildə parlamentin qərarı ilə bu tarixə rəsmi status verildi.

İnsan ağlı, zəkası, fəaliyyəti ilə tarixi ucaldır, yaşadığı dövrü sürətləndirir, əbədiləşdirir. Ümummili liderimiz Heydər Əliyev tarix ya¬radan, tarixi əbədiləşdirən və Azərbaycan xalqının yaddaşında əbədi qalmağı bacaran bir şəxsiyyətdir.

Qurtuluş günümüz – Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gətirilməsi, xalqın Ulu öndərinə bəslədiyi məhəbbətindən, etimadından qaynaqlanırdı. Azərbaycan xalqı Heydər Əliyevi öz xilaskarı kimi görürdü.

Heydər Əliyevin gərgin əməyi nəticəsində xalq-hakimiyyət münasibətləri, vətəndaş-dövlət əlaqələri təkmiləşdirildi, qarşılıqlı etimad səyləri yaradıldı. Nizamsız silahlı dəstələrdən olan Azərbaycan Ordusu tez bir zamanda yenidən təşkil edildi, hərbi-hazırlıq səviyyəsi yüksəldildi, orduda möhkəm nizam-intizam yaradıldı. O,ordu ki bu gün bizə tarixi zəfər yaşatdı.

“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər” kəlamının müəllifi olan Ulu Öndər sözün əsl mənasında Azərbaycanı dünyaya tanıdan Dahi şəxsiyyət oldu. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi.

“İnanıram ki, müstəqil Azərbaycan Respublikası həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”. Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmişdir.

Ulu Öndərin əsasını qoyduğu qurtuluş və inkişaf strategiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə qoyulan möhkəm təməl Azərbaycanı 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirlərində tarixi Zəfərə çatdırdı.

Bu gün Şuşada, Xankəndidə və işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması məhz Milli Qurtuluş ideologiyasının ən böyük təntənəsidir. 15 İyun xalqımızın yaddaşında keçmişin böhranından xilas günü olmaqla yanaşı, həm də güclü, suveren və qalib Azərbaycanın rəsmi başlanğıc nöqtəsidir.

Samirə Zeynalova,
YAP Tərtər Rayon Təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button