Analitika

Xankəndidə Zəfər paradının keçirilməsi mühüm siyasi və tarixi hadisədir

“Xankəndi şəhərində Zəfər paradının keçirilməsi mühüm siyasi və tarixi hadisədir. Xüsusilə də, mərasimdə lokal xarakterli antiterror tədbirləri zamanı müsadirə olunan hərbi texnikaların kiçik bir qisminin nümayiş etdirilməsi, eləcə də müsadirə edilmiş hərbi texnikaların və nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan və üzərində “Zəfər” sözü həkk edilən lövhənin mərkəzi meydana gətirilməsi Azərbaycan dövlətinin qüdrətinin, gücünün isbatı, həmçinin məkrli dairələrə, düşmənlərə təsirli mesaj idi. Xankəndidəki Zəfər paradı həm də Azərbaycankı “beşinci kolon”un iflasına, radikal müxalifətin isə ifşasına səbəb oldu”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Xankəndidəki Zəfər paradına aparan yol nə qədər mürəkkəb, çətin olsa da, bir o qədər şərəfli və qürurludur: “Prezident İlham Əliyev hələ 20 il öncə demişdi ki, gün gələcək Azərbaycanın Dövlət Bayrağı işğal altında olan torpaqların hər bir guşəsində ucaldılacaq. Məhz ötən 20 il ərzində Azərbaycan nəinki hərtərəfli inkişaf etdi, güclü ordu quruculuğu həyata keçirildi, eyni zamanda cəmiyyətin, xüsusilə də gənclər mənəvi-psixoloji hazırlığı üzrə işlər aparıldı, gənclərin vətənpərvərliyi, milli ruhu daha da gücləndirildi, zənginləşdirildi. Artıq həm düşmən, həm də bütün dünya görürdü ki, Azərbaycan güclənir və torpaqlarının işğaldan azad olunmasına hər an hazırdır. Bunu 2016-cı il aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı bir daha sübut etmişdi. Bundan nəticə çıxarmayan düşmənə 2020-ci ildə layiqli dərs verildi və beləliklə də torpaqlarımız işğaldan azad olundu. Bütün dünya bu dəfə nəinki güclü Azərbaycan, həmçinin güclü Lider, Strateq və sarsılmaz xalq-hakimiyyət birliyi gördü. Ona görə də, düşmən və onun havadarlarının əks-həmlələri nəticəsiz qaldı. Bununla da Azərbaycan tarixi ədaləti bərpa etdi, vaxtilə işğal altında olmuş torpaqlarımızın hər bir qarışında bayrağımız ucaldıldı”.

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tamamilə bərpa edilməsi onu da isbatladı ki, Prezident İlham Əliyev sözü ilə imzası bir olan, verdiyi vədlərin hər birini reallaşdıran güclü Liderdir, xalqın alternativsiz seçimidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bundan sonrakı müddətdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa ediləcək, çiçəklənəcək. Xalq buna inanır və Prezident İlham Əliyevin hər bir addımını, qərarını dəstəkləyir.

Oxşar Xəbərlər

Back to top button