Vətənpərvərlik zirvəsi – İlham Əliyev dühası
Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki münaqişə müasir dövr hərb tarixində aktual problemlərdən biri hesab edilirdi. 1980-ci illərin sonlarında ermənilərin Azərbaycanın tarixi-coğrafi ərazisinə iddiaları ilə başlayan bu münaqişə Ermənistanın ölkəmizin ərazi bütövlüyünə iddiaları, terror əməlləri, qətliamlar, soqırımlarla nəticələnmişdir. 1991-ci ildə Sovet İttifaqının dağılması Ermənistanın Azərbaycanın tarixi torpaqlarına iddia qaldırması və bu münaqişənin daha da genişlənməsinə, eyni zamanda beynəlxalq xarakter almasına səbəb oldu.
1992-1994-cü illər müharibəsi nəticəsində Dağlıq Qarabağ və ətraf ərazilər (Azərbaycan ərazisinin təxminən 20%-i) Ermənistanın nəzarətinə keçmişdir. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı azərbaycanlıları öz yurd-yuvalarını tərk etməsinə məcbur etmiş, eyni zamanda ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurmuşdur.
Bu illər ərzində Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastruktur tamamilə dağıdılmış, Azərbaycana milyardlarla dollar maddi ziyan vurulmuşdur. Ermənilər 30 ilə yaxındır ki, işğal etdikləri Azərbaycan ərazilərində vandalizm aktları törətmiş, 70-ə yaxın məscidi, çoxlu sayda mədəniyyət və tarixi abidələri dağıtmışdırlar. Ermənistan uzun illər işğal siyasətini davam etdirib, ərazilərimizdə təxribatlar törədib, Ermənistanla sərhəddə yaşayan dinc əhalimizi mütəmadi olaraq atəşə tutub, onların sülh şəraitində yaşamasına imkan verməyib. Ermənilərin törətdiyi bu cinayət və vandalizm Azərbaycan xalqının qədim mədəni-tarixi irsinə qarşı törədilmiş soyqırımıdır. 2014-cü ilin yayında, 2015-ci ilin sentyabrında, 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda ermənilərin hücumları lazımi şəkildə dəf edilmişdir. 2020-ci il iyul ayında Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınmış, döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olmuş, 5 nəfər yaralanmışdır. Azərbaycan Ordusunun yaralı əsgərlərindən biri daha sonra aldığı yaralardan dünyasını dəyişmişdir. Ermənistanın növbəti təxribatı nəticəsində ordumuzun yüksəkrütbəli hərbçi və əsgərlərinin şəhid olması dünyadakı soydaşlarımız arasında həmrəylik dalğası yaratdı, birliyimizi daha da möhkəmləndirdi. Hadisə baş verən gündən Azərbaycan xalqı və xaricdəki həmvətənlərimiz Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlamışdır. Bu teror aktları demək olar ki, İkinci Qarabağ müharibəsinin – Anti-terror əməliyyatının başlamasına səbəb olmuş və bu əməliyyat Azərbaycan üçün böyük əhəmiyyət kəsb edərək, milli vətənpərvərliyin hərbi münaqişə kontekstində vətənpərvərlik simvoluna çevrilmişdir.
Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığı, xalqın qan yaddaşı, insanı səciyyələndirən ən yüksək mənəvi keyfiyyətdir. Vətənpərvər olmaq xalqımızın mənəvi-əxlaqi dəyərlərinə şərik olmaq, atalarımızın və babalarımızın qoysuğu mənəvi irsə sadiq olmaq, ölkənin tarixini və sivilizasiyasını dərk etmək və ona pərəstiş etmək deməkdir. Xalqın, dövlətin və ordunun sarsılmaz birliyinin təmin edilməsi hərbi münaqişələrdə mühüm qələbələrin əldə olunması üçün əsas amildir. Bu keyfiyyətlər xalqımızın həyatında həmişə ən mühüm xarakter kimi formalaşıb. Bu Vətənə bağlılığın təcəssümü ondan ibarət idi ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğalçılardan təmizləndi, Azərbaycanın ərazi bütövlüyünü təmin edildi. 44 günlük Vətən müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmaz qüvvəsini, bir-birinə bağlılığını bütün dünyaya sübut etdi. Bütün xalq Vətənin azadlığı uğrunda Ali Baş Komandanımızın ətrafında sipər oldu və “dəmir yumruğa” çevrildi.
Prezident İlham Əliyev anım günü ilə əlaqədar öz çıxışında söyləmişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq…. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. Həqiqətən Azərbaycan bu qələbə ilə milli ləyaqətini bərpa etdi, istər hərb tarixində, istər dünya tarixində öz gücünü, qüvvəsini dünyaya tanıtdı.
Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan Ordusu tərəfindən torpaqlarımızı erməni işğalından azad etdikdən sonra 44 günlük Vətən Müharibəsi nəticəsində ermənilərin torpaqlarımıza qarşı vəhşiliklərinin şahidi olduq. Azərbaycan dövləti Ermənistanın törətdiyi soyqırım, cinayət və vandalizmin beynəlxalq səviyyədə ifşa olunması üçün daim məqsədyönlü tədbirlər həyata keçirir. Müxtəlif platformalarda, beynəlxalq institut və təşkilatlarda, qüdrətli dövlətlərlə, o cümlədən Bakının rəsmi əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlərdə mühüm işlər görülüb, erməni cinayətlərinin dünyaya çatdırılmasında mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbə, o cümlədən Ermənistanın 30 il ərzində sülh və bəşəriyyət əleyhinə törətdiyi cinayətlər, o cümlədən hərbi cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində böyük addımlar atmışdır. “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” Cənab Prezidentin söyələdiyi bu misilsiz kəlimələr rəşadətli Azərbaycan ordusuna verdiyi ən yüksək dəyərdir.
Bütövlükdə Vətən müharibəsi və hər bir şəhər, kəndimizin işğaldan azad edilməsi ayrıca qəhrəmanlıq səhifəsidir. Bu səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu yazdı.
Cəfərova Səbinə Namiq qızı,
Bakı Slavyan Universiteti