AnalitikaGündəm

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir

Qəhrəmanlıq tariximizin dərin qatlarına qədər uzanan döyüş məktəbidir. Azərbaycan xalqı qəhrəman xalqdır. Qəhrəmanlığın əsasını qoyan amil vətənpər­vərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qorxmazlıq, mərdlik hisslərini yaradır. Məhz buna görədir ki, tariximiz boyu öz vətənini göz bəbəyi kimi qoruyan, onun azadlığı üçün canından keçən igid oğullarımız olub. İkinci Qarabağ müharibəsində də torpaqların azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən, qorxmaz, igid vətən oğulları bizim qürur mənbəyimiz, başımızın tacı oldular.

44-günlük Vətən müharibəsində qazanılan qələbə, ölkəmizin ərazi bütövlü­yünün və tarixi ədalətin bərpa edilməsi çoxəsrlik dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənin əzmini qıraraq, uzun illər ərzində qurduqları mühəndis-istehkam sistemlərini dağıdaraq onların özləri barədə yaratdıqları məğlubedilməzlik miflərini cəsarətlə darmadağın etdilər.

Qazanılan qələbə təsadüfi xarakter daşımır. Zəfərimiz uzun müddət ərzində həm ordu quruculuğunda, həm də diplomatiya sahəsində görülən işlərin, beynəl­xalq səviyyədə məqsədyönlü şəkildə aparılan informasiya siyasətinin nəticəsidir.

Xalqımıza qürur gətirən, onu beynəlxalq müstəvidə qəhrəmanlıq səviyyəsinə çatdıran ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev və əzmli, müzəffər ordumuzdur.

Canlarını torpağa, vətənə, onun azadlığı və suverenliyinə qurban verən, sağlamlıqlarını itirən şəhid və qazilərimiz adlarını tarixin səhifəsinə qızıl hərflərlə yazdılar.

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi” – deyən cənab prezident İ.Əliyev 44-günlük vətən müharibəsi dövründə dünyanın aparıcı media qurumlarına müsahibələri ilə Ermənistanın bütün təbliğatının, mənfur düşmənçilik siyasətinin üzərindən xətt çəkdi.

Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarda dalğalanması Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyətinin, ordu-xalq birliyinin parlaq nümunəsidir. Əsgər və zabitlərimizin qəhrəmanlıq və şücaəti Azərbaycan ordusu­nun gücünü dünyaya göstərdi. Bizim hər birimiz 30-illik münaqişəni 44 günə sona çatdıran əsgər və zabitlərimizlə fəxr edirik. Onlar Azərbaycan qəhrəmanlıq məktə­binin şanlı davamçıları oldular. Cəsur əsgərlərimizin canı, ölməz şəhidlərimizin qanı, xalqın birliyi hesabına qazanılan Qələbə əbədidir. Bu qəhrəmanlıq savaşımız tarix boyu qürur mənbəyimiz olaraq qalacaqdır.

Aslanova Mətanət,
Bakı Slavyan Universiteti İbtidai təhsil kafedrasının baş müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button