Tarixə nəzər saldıqda zaman-zaman ermənilərin işğalçılıq siyasətinin, Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq və bu məkrli siyasət erməni xislətinin sağalmayan xəstəliyidir. Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar və nəticə etibarı ilə Azərbaycanın 20 faiz ərazisini işğal edərək 30 ilə yaxın bir müddət ərzində ərazilərimizi əsarətdə saxladılar. Bu müddət ərzində Azərbaycan Ermənistanla danışıqlar masasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirərək sülh mövqeyini ortaya qoydu. Lakin Ermənistan sülh danışıqlarından boyun qaçıraraq cəbhədə silsilə təxribatlara əl atmağa davam etdi. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan cəbhə xəttində genişmiqyaslı hərbi təxribatlara başladı və düşmənin hərbi təxribatının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, cəmi 44 gün ərzində düşmən qüdrətli ordumuzun qarşısında diz çökdü. 44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular.Böyük qürur hissi ilə deyə bilərik ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü, 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və tarixi ədaləti bərpa etdi. Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir və bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu müstəqil xarici siyasət yürüdür və qalib tərəf kimi bölgədə dayanıqlı sülhün bərqərar olması üçün öz müsbət töhfələrini verir.
Keçən il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Əkpərova Xuraman,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi