Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş intellektual oyun keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional təhsil idarəsinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Aktualinfo.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı haqqında qısa məlumat verib. O, 90-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş ölkəmizdə yaranmış xaos, hakimiyyət uğrunda mübarizə, dövlətçiliyimizə yaranmış təhdidlər Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoyduğu bir vaxtda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi böhranı aradan qaldırdığını və ölkəmizi inkişafa apardığını qeyd edib. Daşqın Mikayılov tədbirin keçilməsində əsas məqsədin Heydər Əliyev irsinin daha da dərindən öyrənilməsi olduğunu bildirərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Şəki – Zaqatala Regional Təhsil idarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov çıxış edərək Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, Ulu Öndərin irsinin öyrənilməsi və təbliğ edilməsi hər bir vətəndaşın borcudur və belə tədbirlərin də keçirilməsi məhz bu məqsədə xidmət edir. İntellektual oyunda iştirak edən müəllimlərə uğurlar arzulayan Rauf Əsədov bu tədbirin digər məqsədinin də müəllimlər arasında daha sıx əlaqələrin qurulması olduğunu bildirib.
17 komandanın iştirak etdiyi intellektual oyun gərgin və maraqlı mübarizə şəraitində keçmiş, yekunda “Bizim Cəbiş müəllim” komandası birinci, “44” komandası ikinci, “Elm keşikçiləri” komandası isə üçüncü olub.
Sonda yer tutan komandalara diplom və medallar, qalib komandaya kubok təqdim edilib.