Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu
Bildiyimiz kimi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il Heydər Əliyev ili elan edilmişdir. Azərbaycanın bir dövlət kimi formalaşmasında, müstəqilliyimizin qorunmasında, ölkəmizin siyasi,iqtisadi və mədəni cəhətdən inkişafında, Azərbaycanda siyasi sabitliyin qorunub saxlanmasında müstəsna xidmətləri olmuş Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər bir guşəsində və xarici ölkələrdə böyük təntənə ilə qeyd edilmişdir.
Prezident İlham Əliyev bu yubiley ilə əlaqədar Şuşada xalqa müraciət etmiş, Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərini qeyd edərək Azərbaycanda bu günkü vəziyyət, Azərbaycanın daxili və xarici siyasəti barəsində məlumat verərək ölkəmizin Heydər Əliyevin göstərdiyi yolla getdiyini,onun siyasətinin bu gün uğurla davam etdirildiyini, Ulu Öndərin arzularının yerinə yetirildiyini qeyd edərək ölkəmizin bundan sonra da H.Əliyevin siyasətini davam etdirəcəyini vurğulamışdır.
1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gələn, 23 il respublikaya rəhbərlik edən H.Əliyev Azərbaycanı aqrar və geridə qalmış respublikalar siyahısından çıxararaq böyük iqtisadi potensiala malik, qədim mədəniyyətə malik bir ölkə kimi SSRİ-də tanıtdı və elə həmin dövrdə Azərbaycanın müstəqilliyinin təməl daşlarını qoydu. Respublikanı böyük və qədim mədəni sərvətlərə malik bir diyar kimi tanıtdı, ölkəmizin iqtisadi potensialını artırmaq üçün yeni sənaye müəssisələrinin açılmasına nail oldu, Azərbaycan elminin inkişafı üçün gənclərimizin respublikadan kənarda ali təhsil almaları üçün şərait yaratdı. Bütün bunlar Azərbaycanı hər yerdə tanıtdı.
Respublkaya rəhbərlikdə qazandığı uğurlara görə H.Əliyev Moskvaya, daha yüksək vəzifəyə dəvət edildi, 1987-ci ilə qədər bu vəzifəni uğurla yerinə yetirməklə yanaşı yüksək dairələrdə Azərbaycanın mövqeyini müdafiə etdi, respublikanın inkişafı üçün əlindən gələnləri həyata keçirdi. Lakin ölkədə yaranan yeni siyasət, rəhbərlikdə ona qarşı inamsızlıq H.Əliyevin 1987-ci ildə istefası ilə nəticələndi.
Məhz bundan sonra ermənilərin Azərbaycana qarşı hücumlar xeyli gücləndi, nəticədə 1988-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandan köçürülməsinə, Dağlıq Qarabağda yaşayan soydaşlarımızın doğma yurdlarını tərk etməsinə, torpaqlarımızın işğalına başlanıldı. Bütün bunlar 1990-cı ilin yanvar hadisələrinə gətirib çıxardı və 3 illik siyasi fəaliyyətsizlikdən sonra H.Əliyev yenidən siyasətə qayıdaraq Azərbaycanın müdafiəsinə qalxdı. Vətənə qayıdan Ulu Öndər 1990-93-cü illərdə Naxçıvanda siyasi fəaliyyətini davam etdirdi. 1993-cü ildə Azərbaycanın başının üstünü parçalanma və vətəndaş müharibəsi təhlükəsi aldıqda xalqın tələbi ilə Bakıya gəlib dövləti idarə etməyə başladı. Ölkəyə rəhbərlik etdiyi on il ərzində o, Azərbaycanın müstəqilliyinə və müstəqil dövlət kimi tanınmasına, çökmüş iqtisadiyyatın bərpasına, sabitliyin qorunub saxlanmasına nail oldu.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Şuşanın azad edilməsi Ulu Öndərin ən böyük arzusu olmuşdur. Bu gün düşmən tapdağından azad edilmiş və yenidən qurulan bu şəhər H.Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
Bütün quruculuq işlərində, Qarabağın bərpasının uğurla davam etdirilməsində Azərbaycan xalqının maraqları öz əksini tapmaqdadır. Bu gün Qarabağda, Zəngəzurda, Şuşada aparılan quruculuq işləri H.Əliyevin ən böyük arzusu idi və bu arzular xalqımız tərəfindən reallaşır.
H.Əliyevin 70-ci illərdə apardığı siyasət bu gün öz nəticələrini verməkdədir. Həmin illərdə formalaşmış ziyalılar, həmin illərdə yaradılmış iqtisadi potensial bu gün Azərbaycan xalqına xidmət edir, bu gün Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə səbəb olan bir amil kimi özünü göstərir.
1987-ci ildən sonra Moskvada H.Əliyevə qarşı böyük bir repressiya həyata keçirilir ki, bu siyasətin başında ermənilər dayanırdı.Onlar bilirdilər ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində ən böyük maneə H.Əliyevdir və ermənilərin böyük Ermənistan arzusu o hakimiyyətdə olduğu dövrdə həyata keçə bilməz. Azərbaycana qayıdıb Naxçıvanda fəaliyyətini davam etdirən Ulu Öndər Naxçıvanın işğalının qarşısını aldı, onun blokadadan çıxmasında böyük rol oynadı, Naxçıvanın təhlükəsizliyini təmin etdi və bu qədim diyara yeni həyat,yeni nəfəs bəxş etdi. Məhz Naxçıvanda müstəqilliyə gedən yolumuz başlanmış və H.Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə uğurla davam etdirilmişdir.
1990-93-cü illərdə Azərbaycanda yaranan xaos,qarşıdurma, müxtəlif qüvvələrin xəyanəti bir çox rayonlarımızın ermənilər tərəfindən işğal edilməsinə və ölkədə vətəndaş müharibəsi təhlükəsinə, günahsın qan tökülməsinə gətirib çıxarırdı. Məhz H.Əliyevin uzaqgörən siyasəti nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı, atəşkəs elan edildi və ermənilərin işğalçı hücumları dayandırıldı. H.Əliyevin siyasəti nəticəsində danışıqlar prosesinə başlanması erməni işğalının qarşısının alınması ilə yanaşı ölkədə sabitliyin qorunub saxlanmasına səbəb olmuşdur.
Azərbaycanın bu günkü iqtisadi uğurlarında 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin Müqaviləsinin böyük rolu olmuşdur. Bu müqavilənin hazırlanması və imzalanması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi və ölkəmizin bu günkü inkişafına hədəflənmişdi. Nəticədə dünyanın ən böyük şirkətləri Azərbaycana gəlməyə, ölkəmizin iqtisadiyyatına sərmayə qoymağa başladılar. Bu müqavilə nəticəsində yeni iş yerləri açılmış və bu iş yerlərinin də 90 faizi bu gün Azərbaycan vətəndaşlarına məxsusdur.
Ölkədə gedən yeni siyasi proseslər bir çox qüvvələrin mənafeyinə xidmət etmirdi. Nəticədə 1995-ci il-də dövlət çevrilişinə cəhd edildi. Lakin bütün xalq H.Əliyevin və onun apardığı siyasətin müdafiəsinə qalxdı və bu cəhdin qarşısı alındı. Bu hadisə bir daha sübut etdi ki, ölkədə siyasi sabitliyin önəmli əhəmiyyəti vardır.
Bu gün Azərbaycan müstəqil dövlət kimi aparıcı dövlətlər arasında böyük nüfuz sahibidir. Bu nüfuzun qazanılmasında da H.Əliyevin böyük xidmətləri olmuşdur. Onun prezidentliyi dövründə etdiyi səfərlər, apardığı danışıqlar Azərbaycanın bu günkü nüfuzunun təməlini qoymuşdur.
Ulu öndəri daim ölkənin iqtisadi cəhətdən inkişafı və möhkəmləndirilməsi narahat etmişdir. Onun rəhbərliyi dövründə yeni müəssisələrin açılması, sənaye obyektlərinin tikintisi iqtisadi inkişafımızın stimulu olmuş və bu gün ölkəmizin iqtisadi cəhətdən 20 dəfə yüksəlməsinə gətirib çıxarmışdır. İqtisadiyyatımızın bu günkü inkişafı H.Əliyevin adı ilə bağlıdır.
Bu gün xalqın rifah halının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin apardığı siyasət H.Əliyev siyasətinin davamıdır. Ulu öndəri də daim xalqın rifahı maraqlandırmış və ölkədə həyat səviyyəsinin yaxşılaşdırılması üçün geniş tədbirlər həyata keçirmişdir. Bu gün əmək haqlarının müavinət və əmək pensiyalarının artırılması H.Əliyev siyasətinin davamı kimi qiymətləndirilməlidir.
Ulu Öndər rəhbərliyi dövründə qaçqın və köçkünlərin yenidən doğma yurd-yuvalarına qayıtması arzusu ilə yaşamışdır. 44 günlük Vətən müharibəsindəki qələbəmiz onun bu arzusunu da reallaşdırdı. Qarabağda aparılan tikinti işləri, kəndlərin, şəhərlərin bərpası, yeni infrastruturların yaradılması, yeni aeroportların tikilməsi, çəkilən avtomobil və dəmir yolları tezliklə qaçqın və köçkünlərin vətənə dönəcəklərindən xəbər verir.
H.Əliyevin Azərbaycan üçün gördüyü işlər barəsində günlərlə danışmaq olar,onun xidmətləri barəsində cild-cild kitablar yazmaq olar. Elə bir sahə yoxdur ki, orada H.Əliyev nəfəsi duyulmasın.Elə bir sahə yoxdur ki,orada H.Əliyev əlinin zəhməti görünməsin.Ölkəmizin bu günkü mədəni inkişafı,elmi potensi-alı,təhsilin yüksək səviyyəyə gəlib çıxması Ulu Öndərin adı ilə,onun siyasəti ilə birbaşa bağlıdır.
Ermənistan əhalisinin 99,9 faizini ermənilər təşkil edir. Azərbaycan isə müxtəlif böyük və kiçik xalqların,etnik qrupların tarixi vətənidir. Onların öz milli adət-ənənələrini davam etdirmək, bir xalq kimi bundan sonra da Azərbaycanda yaşamaq hüququ dövlət tərəfindən təmin edilmişdir. Bu siyasət də H.Əliyev siyasətinin davamı kimi qiymətləndirilməlidir.
H.Əliyevin 100 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev xalqa müraciətində bundan sonra da Heydər Əliyev siyasətinin davam etdiriləcəyin bildirmiş və xalqımızın Ulu Öndər siyasətini bu gün də müdafiə edərək davam etdirmək əzmini bəyan etmişdir.
Əliyev Akif,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi