
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən böyük vəzifələrdən biri beynəlxalq arenada mövqeyini möhkəmləndirmək, dünyada tanınan, etibarlı tərəfdaş kimi qəbul olunan bir dövlətə çevrilmək idi. Qısa müddətdə həyata keçirilən düşünülmüş siyasət, düzgün seçilmiş xarici strategiya və milli maraqlara əsaslanan diplomatik xətt Azərbaycanın beynəlxalq nüfuzunun artmasına zəmin yaratdı.
Müstəqilliyin ilk illərində Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan ağır vəziyyətlə üz-üzə idi. Ermənistanın işğalçı siyasəti nəticəsində ərazi bütövlüyünün pozulması, daxili siyasi qeyri-sabitlik və iqtisadi böhran ölkənin beynəlxalq imicinə mənfi təsir edirdi. Lakin bu dövrdən etibarən dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın xarici siyasətində yeni mərhələ başlandı. 1993-cü ilin 3 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev öz uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi və peşəkar idarəetmə bacarığı ilə ölkəni böhranlardan xilas etdi. Onun uğurlu siyasəti nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə tanınan, iqtisadi cəhətdən möhkəmlənən və siyasi nüfuzu artan bir dövlətə çevrildi. O, balanslaşdırılmış siyasət yürüdərək həm Qərb, həm də Şərq dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurdu, Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addımlar atdı.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas amillərindən biri enerji siyasəti oldu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəyə yeni iqtisadi imkanlar açmaqla yanaşı, Azərbaycanın geosiyasi əhəmiyyətini də artırdı. Xəzər dənizinin zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində atılan addımlar Qərb dövlətləri ilə strateji əməkdaşlığın qurulmasına şərait yaratdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri Azərbaycanın regionda və dünyada etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirdi.
Azərbaycan müstəqillik dövründə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdi. BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda fəal iştirak edərək beynəlxalq münasibətlər sistemində nüfuzunu artırdı. Xüsusən də Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin diplomatik nailiyyətlərinin zirvəsi hesab olunur.
Azərbaycan beynəlxalq səviyyədə daim Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə çalışıb. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri Azərbaycanın ədalətli mövqeyini təsdiqlədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Azərbaycan yalnız hərbi gücünü deyil, həm də beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mədəniyyət və multikulturalizm siyasəti də mühüm rol oynayıb. Bakı prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar, mədəniyyətlərarası dialoqa dair tədbirlər Azərbaycanı tolerantlıq və sivilizasiyalararası əməkdaşlığın mərkəzinə çevirdi. Bakı Humanitar Forumu, Dünya Dini Liderlərinin Sammiti və digər tədbirlər ölkənin humanitar sahədə nüfuzunu yüksəltdi.
Azərbaycan beynəlxalq əməkdaşlığa yalnız enerji layihələri ilə deyil, nəqliyyat və logistika sahəsində də töhfə verdi. Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ölkəni mühüm tranzit mərkəzinə çevirdi. Bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatının 2019–2023-cü illərdə sədri kimi çıxış edərək qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi.
Sabit iqtisadi inkişaf, xarici investisiyaların cəlb olunması və sosial rifahın yüksəldilməsi Azərbaycanın beynəlxalq imicini möhkəmləndirən digər amillərdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regional inkişaf proqramları Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etdi.
Azərbaycan müstəqillik dövründə həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Enerji və nəqliyyat layihələri, balanslaşdırılmış diplomatiya, beynəlxalq təşkilatlarda fəal iştirak, multikulturalizm siyasəti və ədalətli mövqeyin müdafiəsi Azərbaycanın dünyadakı rolunu artırmışdır. Bu gün Azərbaycan regionda sabitlik, əməkdaşlıq və inkişafın təminatçısı kimi tanınır və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə sahibdir.
Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Bu gün Azərbaycan regionun lider dövləti, beynəlxalq aləmdə nüfuzlu tərəfdaşdırsa, bu, məhz Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir. O, kiçik bir ölkəni böyük və nüfuzlu dövlətə çevirdi, xalqına güclü dövlətçilik ənənəsi miras qoydu.
Heydər Əliyevin irsi bu gün də yaşayır və müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasında dayanır.
Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



