Analitika

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoya bildi

Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi,- ilk növbədə, sizin üçün, çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz,- eyni zamanda, gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin – yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq.

1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var. O vaxt Azərbaycan müstəqil ölkə kimi yaşasa da, ancaq müstəqil siyasət apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq şübhə altına qoymuşdu. Ölkədə həm iqtisadi böhran, siyasi böhran, hərbi böhran hökm sürürdü, hakimiyyət uğrunda mübarizə, demək olar ki, savaş gedirdi, vətəndaş müharibəsi alovlanırdı. Bütün bu işlərin səbəbkarı o vaxt Xalq Cəbhəsi-Müsavat cütlüyünün mənfur fəaliyyəti idi.

Bu ay biz Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək. Məhz onun Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından – o, prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. O vaxt isə vəziyyət tam fərqli idi. Laçın, Kəlbəcər və Şuşa işğal olunandan sonra təbii ki, erməni silahlı qüvvələri böyük strateji – hərbi üstünlük əldə etmişlər və digər torpaqlarımızı da işğal edə bilmişlər.

Fikrət Orucov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button