Analitika

Ulu öndər Heydər Əliyevin arxalandığı qüvvə: Azərbaycan gəncliyi

Gənclik xalqın gələcəyi,cəmiyyətin aynasıdır. Məşhur yunan filosofu Aristotel demişdir: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər”.

Ulu öndər Heydər Əliyev isə ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev formda gənclər qarşısında çıxışı zamanı bir çox dəyərli fikirləri ilə onlara aydın gələcəyə gedən yolda çıraq kimi yol göstərmişdir. O bildirmişdir ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Gənclərimiz dünya xalqları içində bizim xalqımızın da əhəmiyyətli dərəcədə tanınması üçün əlindən gələni etməli, elm,təhsil, mədəniyyət,incəsənət, ədəbiyyat və digər sahələrdə fəallıq göstərərək bütün dünyaya geniş yol açmaq üçün çalışmalıdırlar.

Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev Gənclərin ikinci forumda çıxış edərkən׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq” deyərək bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərmiş, Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoymuşdur.

Ulu Öndər çıxışlarında deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Bu gün gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Vətən müharibəsi və ona qədərki döyüşlərdə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə güclü Azərbaycan Ordusunun əsgər və zabitləri işğal altında olan torpaqlarımızı azad etdilər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır. Onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini – musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır.

Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Muradova Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button