Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi
Uzun illərdən bəri, yəni Sovet dönəmindən Ulu Öndərimiz yaşadığı günə kimi Azərbaycan gənclərinin yüksək səviyyədə yaxşı yaşaması üçün göstərdiyi qayğı və etimadını əsirgəməmişdir. Ulu Öndərimiz çox doğru demişdir: “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutmuşdur. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etmişdir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir.
Ulu öndərin ən böyük xidmətlərindən biridə o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmiş, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan ən böyük addımlardan biri 1994-cü ilin iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılması olmuşdu. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş Verdi və özü də bu tədbirdə şəxsən iştirak etmişdir. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun milli dövlətimizin və unudulmaz prezidentimiz Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyəri əks etdirməkdədir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratmış və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirmişdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirmişdi. Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr İlham Əliyev cənablarını yetişdirməsi olmuşdu. Yeni minillikdə gənc liderlə inamla və İlhamla addımlayan Azərbaycan gəncliyi elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, siyasət, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi nailiyyətlər əldə etmişdir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci müzəffər Ali Baş komandanın rəhbərliyi 44 günlük “Vətən müharibəsi”ndə ilə qəhrəmanlıq dastanı yazdı.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Azərbaycan gəncləri öz bacarıqları, yüksək əzmkarlıqla fəal iştirak edirdilər.
Bu gündə Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir..
Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclər siyasətinin əsas prinsiplərindən biri millətinə və dövlətinə sadiq bir gənc nəsil yetişdirmək idi ki, “Vətən Müharibəsi” bu məqsədin hasil olduğunu göstərdi.
Ən əsası, Müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamlı və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın ucalması üçün yorulmadan çalışmalıyıq. Yaşasın Azərbaycan!
Həsənova Almara,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi