Ulu öndər Heydər Əliyev tarixin gedişini dəyişmiş dahilərdəndir
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir, tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlarda bu böyük insanın, dahi şəxsiyyətin əməyi danılmazdır. Azərbaycanı dünya ölkələri içərisində tanıdan Ulu Öndər xalqımızın yaddaşında xilaskar kimi yaşayır və əbədi yaşayacaqdır. Ötən əsrin 90-cı illərində Moskvadan Naxçıvana qayıdan Ümummilli Lider Heydər Əliyev əsl xilaskar kimi qədim diyarımıza yeni həyat bəxş etdi, ona nicat yolu göstərdi, qədim diyarımızı erməni işğalından qoruya bildi. Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqillik uğrunda savaşına yeni bir təkan verdi. Müstəqilliyə gedən yolumuzun ilk bünövrə daşları da məhz elə bu qədim diyarda qəbul olunan siyasi qərarlarla atıldı. Ulu Öndər ziyalıların və ziyalılığın himayədarı kimi yazıçıların, şairlərin, bir sözlə, ədəbiyyatşünasların dayağı olmuşdur. Ölkəyə rəhbərliyinin hər iki mərhələsində şair və yazıçılarla görüşə, onların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmışdır. Dövrünün elmini, xüsusilə də, ictimai və humanitar biliklər sahəsində mühüm elmi uğurları kifayət dərəcədə mənimsəmiş yüksək erudisiyalı bir Azərbaycan ziyalısı olan Heydər Əliyev xalqın inkişaf tarixində onun rolunu, əhəmiyyətini düzgün qiymətləndirməyi bacarırdı. Hələ Onun Azərbaycana rəhbərliyinin ilk mərhələsində, 1970-80-ci illərdə ölkəmizdə bir sıra yeni elmi mərkəzlər açılıb, tədqiqat institutları yaradılıb, minlərlə istedadlı azərbaycanlı oğlan və qızlar Rusiya, Ukrayna və Belarusun sayılıb-seçilən ali məktəblərinə oxumağa göndərilib. Bu gün Prezident cənab İlham Əliyev bu yolu davam etdirir. Ulu Öndərimizin 100 illiyi ilə əlaqədar ölkəmizdə və dünyada ən möhtəşəm tədbirlər keçirilir, ölkənin yazıçı və şairləri də bu ilə öz töhfələrini verirlər. Bu böyük siyasi xadim XXI əsrə işıq tutan ideologiyanın banisi, Azərbaycan xalqının daim böyük ehtiramla yad etdiyi dahi şəxsiyyət kimi əbədi yaşayacaq. “Əsrin müqaviləsi”nin imzalanması, yeni nəqliyyat dəhlizlərinin inşasına başlanması, uğurlu ordu quruculuğu, təhsil, səhiyyə, mədəniyyət sahəsində yenidən quruculuq dövrünün başlanması, Azərbaycançılıq ideologiyasının ətrafında dünya azərbaycanlılarının birləşdirilməsi gələcək Azərbaycanın ən mühüm və taleyüklü problemlərinin həll edilməsi, uğurlarının başlanması demək idi. Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulub. Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşır, sağlam, müasir düşüncəli yeni nəslin yetişdirilməsini mühüm vəzifə hesab edirdi. Bu gün Dahi Liderin ideyaları əsasında yetişən gənclik öz ağlı, savadı ilə ölkəmizin daha da inkişafına töhfəsini verir. Ulu Öndər 2003-cü ilin oktyabr ayının 1-də Prezident seçkiləri ərəfəsində xalqa müraciəti zamanı Azərbaycanın gələcək yol xəritəsini elan edərək, siyasi varisi kimi ölkə başçısı cənab İlham Əliyevi seçməklə Azərbaycan tarixində yeni dövrün başlanğıcını qoymuş oldu. Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ötən dövrdə onun üzərinə düşən bütün məsələləri həll etməklə öz adını Azərbaycan tarixinə yazdırdı.
Səba Rzayeva,
YAP-ın gənc fəalı.