Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub.
Çin Xalq Respublikasından Bakıya qayıdarkən Almatıda jurnalistlər qarşısında çıxış edən Ulu Öndər səfərin yekunlarını belə dəyərləndirib: “Ümumən isə belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, “Böyük Ipək yolu” və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir”.
Bu gün inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq platformalarda da öz sözünü deyir. Azərbaycan nüfuzlu xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş, lider ölkə kimi qəbul edilir. Heç şübhəsiz, ölkəmizin bu uğurlarının arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt dayanır. Bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi.
Ümummilli Lider, həmçinin Azərbaycanın dövlətçilik ənənələrini yaradıb, ölkəni inkişaf yoluna yönləndirib. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə aparır.
“Dövlətimizin başçısı İlham Əliyev Çinin media korporasiyasına müsahibəsində vurğulayıb ki, ötən 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub. Təbii ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”
Rzayeva Xəyalə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəb