TÜRKPA-nın plenar iclasları Türk dünyası birliyinin təzahürüdür

Türk Dövlətləri Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunmuşdur. Türk Dövlətləri Parlament Assambleyası müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin pozulmazlığı, hüquq bərabərliyi, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət bəslənilməsi, zor işlətməkdən və zor işlədiləcəyi ilə hədələməkdən, iqtisadi və hər hansı digər təzyiq metodlarından imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii ehtiyatlardan tam və səmərəli istifadə yolu ilə xalqların rifahının yüksəldilməsi, milli iqtisadiyyatların dinamik inkişaf etdirilməsi, parlament diplomatiyası sahəsində yeni uğurlara imza atılması, region və digər beynəlxalq aləmin üzvü olan ölkələrin parlamentləri və digər beynəlxalq təşkilatlar ilə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsini əsas məqsəd olaraq seçmişdir.
TÜRKPA-nın yaradılmasında məqsəd türk dövlətləri arasında əlaqələri daha da gücləndirməkdən ibarətdir. Belə ki, parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər əlaqələrin daha da sıxlaşdırılması təşkilatın fəaliyyətində başlıca vəzifələrdən biridir.
İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclası keçirilib. Tədbirdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının, Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının, İqtisadi əməkdaşlıq komissiyasının, Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının hesabat məruzələri və tövsiyə qərarları qəbul edilib. Sonra iclasda TÜRKPA tərəfindən hazırlanan bir sıra model qanunların layihələri, o cümlədən “Fərdi məlumatların qorunması haqqında”, “Əmək bazarının tələbi nəzərə alınmaqla kadrların hazırlanması haqqında”, “Tütün məmulatlarının istifadə edilməsinin məhdudlaşdırılması haqqında”, “Ticarət nümayəndəlikləri haqqında”, “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” sənədlər təqdim edilib.
Türk dünyasının birləşməsi istiqamətində ölkəmiz böyük səylər göstərir. Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Şuşada təşkil olunduğu qeyri-rəsmi görüşdə əsas mövzular nəqliyyat və iqlimlə bağlı olacaq. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyası ilə bağlı prosesdir. Azad edilmiş ərazilərdə qardaş ölkələrin təşəbbüsü ilə böyük işlər görülmüşdür.
Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni, bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük önəm daşıyır.
Babayeva Zenfira,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi