
Müasir dövrdə qlobal miqyasda baş verən sürətli geosiyasi transformasiyalar, beynəlxalq hüququn norma və prinsiplərinin sınağa çəkildiyi ziddiyyətli proseslər regional sabitliyin və təhlükəsizliyin təmin olunmasını hər zamankindən daha aktual edir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər təkcə türk dövlətləri arasındakı ikitərəfli və çoxtərəfli münasibətlərin deyil, bütövlükdə Avrasiya məkanının gələcək memarlığının müəyyənləşdirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində baş tutan bu görüş bir daha göstərdi ki, Türk dünyası ortaq dəyərlər, iqtisadi potensial və təhlükəsizlik maraqları ətrafında sıx birləşərək qlobal güc mərkəzlərindən birinə çevrilməkdədir.
Prezident İlham Əliyev çıxışında qlobal miqyasda baş verən köklü dəyişikliklərə toxunaraq, ötən əsrin geosiyasi balansının artıq başa çatdığını vurğuladı. Dünya yeni nizama doğru gedərkən, Türk Dövlətləri Təşkilatının coğrafi miqyası, iqtisadi gücü və geosiyasi mövqeyi həlledici amilə çevrilir. “Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir.” – Prezident İlham Əliyev Bu coğrafi üstünlük təşkilata üzv ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Statistik göstəricilər də türk dövlətlərinin iqtisadi və demoqrafik baxımdan nəhəng bir potensiala malik olduğunu təsdiqləyir.Üzv ölkələrin ümumi daxili məhsulu 2,4 trilyon ABŞ dolları təşkil edir ki, bu da qlobal miqyasda təqribən on ikinci yer deməkdir. Ölkələrarası ticarət dövriyyəsi ildən-ilə artaraq 1,7 trilyon dollara çatıb. Əhalinin dinamik artımı və gənc nəslin intellektual potensialı təşkilatın gələcək inkişafının əsas təminatçısıdır.
Təhlükəsizlik məsələlərinin gün keçdikcə daha mürəkkəb xarakter aldığı bir dövrdə, TDT çərçivəsində institusional əməkdaşlığın dərinləşməsi xüsusi diqqət çəkir. Dövlət başçısı qısa müddət ərzində daxili işlər nazirlikləri, baş prokurorluqlar, müdafiə sənayesi rəhbərləri və dini liderlər səviyyəsində keçirilən görüşlərin intensiv xarakter aldığını qeyd etmişdir. Bugünkü reallıqda xarici siyasətdən tutmuş mədəniyyətə və təhlükəsizliyə qədər 63 fərqli mexanizm və platformanın mövcud olması Türk dünyasının inteqrasiya prosesinin nə qədər sistemli və dərin köklərə sahib olduğunu sübut edir. “Bizdə təhlükəsizlik məsələləri həqiqətən çox aktualdır… Əminəm ki, təşkilatın iştirakçısı olan ölkələrin Təhlükəsizlik şuralarının aparatları arasında əməkdaşlıq bundan sonra da möhkəmlənəcək, birgə praktiki tədbirlər isə qarşılıqlı etimadın və sabitliyin daha möhkəm təməlini təşkil edəcək.”- Prezident İlham Əliyev
Prezident İlham Əliyevin TDT-nin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü bir daha nümayiş etdirdi ki, Türk Dövlətləri Təşkilatı heç bir bölgə və ya dövlət üçün təhdid mənbəyi deyil; əksinə, regional sabitliyin, sülhün və tərəqqinin əsas qarantlarından biridir. Dünyada qüvvələr balansının dəyişdiyi və beynəlxalq hüquq prinsiplərinin sınağa çəkildiyi bir vaxtda türk dövlətlərinin birgə hərəkət etməsi, təhlükəsizlik çağırışlarına qarşı vahid mövqe sərgiləməsi tarixi zərurətdir. Bakı toplantısı bu birliyin daha da güclənməsinə, qarşılıqlı etimad mühitinin dərinləşməsinə və gələcək növündə ortaq təhlükəsizlik arxitekturasının qurulmasına mühüm töhfə verdi.
Heydər Rəhimov,
Nizami Rayon Bələdiyyəsinin sədr müavini




