Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!
Əsrlər boyu Azərbaycan və türk xalqları arasında sevincləri-sevincimiz, kədərləri-kədərimiz deyə biləcək qardaşlıq münasibəti mövcuddur. Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşuq. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini də öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar.
Qeyd edək ki, fevral ayının 6-sı qardaş Türkiyə dəhşətli təbii fəlakətlə üzləşdi. Bu acı fəlakət dünyanı olduğu kimi xalqımızı da dərindən sarsıtdı. Azərbaycan hər zaman olduğu kimi, baş vermiş zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında oldu. Bütün dəstəyini həmin bölgələrə yönəltdi. Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən həmin bölgəyə bu günə kimi də yardımlar getməkdə davam edir. Zəlzələdən zərər çəkmiş Türkiyənin 10 bölgəsinə 7 təyyarə, 14 yük avtomobili ilə humanitar yardım, FHN-nin 34 nəfər tibbi heyəti və 725 xilasedicisi göndərilmişdir. Eyni zamanda qardaş ölkəyə dəstək olmaq üçün həmin bölgəyə bir qrup könüllü də yola salındı. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən bu könüllülər müəyyən təcrübəyə malikdirlər ki orada öz köməkliklərini əsirgəməyəcəklər.
Məhz, elə bu hadisənin baş verməsi ilə əlaqədar olaraq cənab Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubunda: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk” deyə qeyd etmişdir. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Prezident İlham Əliyev, həmçinin fevral ayının 8-də Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Ölkə rəhbəri Səfir Cahid Bağcı ilə görüşündə, həmişə olduğu kimi, indi də qardaş Türkiyəyə dəstək olmağı özünün mənəvi, şərəf borcu sayır: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik” deyə qeyd etdi.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi