Türkiyə-Azərbaycan münasibətləri yeni tarixi mərhələdə
Bütün tarixi mərhələlərdə Türkiyə və Azərbaycan bir-birinin yanında olmuş qardaş ölkələr kimi tanınır. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri zamanın sınaqlarından çıxmış və möhkəm təməl üzərində qurulmuşdur. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olaraq Türkiyə bugünədək bütün iqtidarların dövründə Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəkləməkdə davam etmişdir. Soykökü, tarix, mədəniyyət və dil birliyinə malik olan bu iki dövlət arasında əməkdaşlıq bu gün daha da genişlənməkdə və dərinləşməkdədir.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” qəbulundan bir il ötdü.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ Vətən müharibəsi başlandı və 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu düşməni darmadağın edərək 30 ildən çox işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri Bakıda hərbi Qələbə paradını birgə keçirdilər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada Bəyannamə imzalandı və iki qardaş ölkə arasında hərbi-siyasi sahədə münasibətlərin yeni mərhələsinin əsası qoyuldu və bu haqda bütün dünyaya bir ciddi mesaj verildi. Hazırda ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.
Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri və dairələri dayandırdı.
Fikrət Orucov,
YAP- ın gənc fəalı